Bayraqdar.info – Ölkə başçısı İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışını həyata keçirib.
Bu barədə president.az saytı məlumat yayıb.
Prezidentə yenidən qurulan “Hövsan” yarımstansiyası haqqında məlumat verilib.
Bildirilib ki, 45 il əvvəl tikilən yarımstansiya müasir səviyyədə yenidən qurulub. Köhnə avadanlıqlar yenisi ilə əvəzlənib. Yarımstansiya “Şimal” Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin ötürülmə keyfiyyətinin artırılmasında, “Abşeron”, “Böyükşor”, “Suraxanı”, “Ramana”, “Əhmədli”, “Qala, “Zığ” yarımstansiyaları ilə əlaqələndirməklə Bakı və Abşeron yarımadasının, xüsusilə də Suraxanı, Günəşli, Əhmədli ərazilərinin elektrik enerji təchizatında mühüm rol oynayır.
Məlumatda bildirilir ki, daha sonra prezident İlham Əliyev “Hövsan” yarımstansiyasını işə salıb.
Bundan sonra ölkə başçısına digər yenidən qurulmuş 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyası barədə də məlumat verilib.
Bu yarımstansiya Sabunçu və Xəzər rayonlarının, xüsusən də Maştağa, Buzovna, Bilgəh, Nardaran qəsəbələrini, ümumilikdə 150 min nəfərə yaxın sakini elektrik enerjisi ilə təmin edəcək.
Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sistemi vasitəsilə “Maştağa” yarımstansiyasını da işə salıb.