Press "Enter" to skip to content

“Muzeylərimizi tanıyaq və tanıtdıraq”

Milli Azərbaycan Tarixi Muzeyində “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi davam edir.

Bayraqdar.info – 2021-in Azərbaycanda “Nizami Gəncəvi ili” elan ediılməsi ilə bağlı Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri Sahibə Ələkbərova “Muzeylərimizi tanıyaq və tanıtdıraq“ layihəsi çərçivəsində muzeyin könüllülərini Gəncə şəhərinə ekskursiyaya aparıb.

Bu barədə Muzeydən bildirilib. Qeyd edilib ki, könüllüləri Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin və Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin işçiləri qarşılayıb. Gənc muzeyşünaslar öncə Nizami Gəncəvinin məqbərəsini ziyarət edib. Könüllülərə ilk dəfə 1947-ci ildə şairin məzarı üstünə məqbərə ucaldıldığı haqda məlumat verilib . Sonra 1990-1991-ci illərdə məqbərə yenidən qurulub. Gəncə şəhərinin girişində yerləşən Nizami Gəncəvi məqbərəsi kompleksinə qoruq statusu verilib.

Ziyarətgah ilə bağlı ətraflı məlumat alan tələbələr məqbərənin yaxınlığında yerləşən Nizami Gəncəvi Muzeyini də ziyarət ediblər. Bir-birindən maraqlı eksponatlar və qala bürcləri ilə tanışlıq tələbələrdə böyük təəssüratla yanaşı maddi və mənəvi irsimizə, zəngin mədəniyyətimizə yüksək maraq oyadıb. Daha sonra klubun daha bir layihəsi olan “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” çərçivəsində Gəncə şəhəri yaxınlığında Xocalı sakinləri üçün salınmış qəsəbədə fəaliyyət göstərən “Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyi” də ziyarət edilib. Muzeydə eksponatların dili ilə ötürülən məlumatlar klub üzvlərini çox təsirləndirib.

“Qeyd edək ki, Gəncə şəhərinə ekskursiya planına salınmış muzey rəhbərləri ilə görüş zamanı S.Ələkbərova onlara Milli Azərbaycan Tarixi Muzeyi adından muzeyin elmi nəşrlərini təqdim edib və layihənin keçrilməsinə dəstək olan hər kəsə, xüsusilə Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova öz təşəkkürünü bildirib”, – deyə açıqlamada qeyd edilir.

Mission News Theme by Compete Themes.