Son yeniləmə: 19 Aprel 2021 14:37
Bayraqdar.info – Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında “Qalib müəllim” videohekayə müsabiqəsinə başlanılır.
19 aprel-28 may tarixlərini əhatə edəcək müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır. Bu barədə aprelin 19-da Təhsil Nazirliyindən xəbər verilib.
Müsabiqə aşağıdakı istiqamətləri əhatə edir:
1. “Qalib əsgərin müəllimi” – şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk;
2. “Ön cəbhədə döyüşən müəllim” – Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi.
Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər.
Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır.
İştirakçı özü haqqında zəruri məlumatları daxil etməklə hazırlanmış videonu 21 may 2021-ci il tarixinədək göndərməlidir.
Şərtə görə, hər iştirakçı yalnız bir videohekayə göndərə bilər və müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.
Müsabiqənin yekununda videohekayələr Təşkilat Komitəsi tərəfindən dəyərləndiriləcək və qaliblər müəyyən olunaraq təltif ediləcəklər.