Son yeniləmə: 19 Aprel 2021 19:48
Bayraqdar.info – Aprelin 19-da Avronest Parlament Assambleyasının iki günlük 9-cu sessiyası öz işinə başlayıb. Sessiyanın birinci günündə qurumun daimi komitələrinin onlayn formatda iclasları keçirilib. Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildiriblər.
Milli Məclisdən verilən xəbərə görə, qurumun siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin onlayn iclasında “Demokratik proseslərin möhkəmləndirilməsində siyasi partiyaların, vətəndaş cəmiyyətinin, ədalətli seçki mühitinin, eyni zamanda azad və plüralist medianın rolu”, Şərq Tərəfdaşlığı çərçivəsində regional əməkdaşlıq məsələləri, “Qanunun aliliyi və məhkəmə islahatları demokratiya və iqtisadi inkişafın təməli kimi” mövzularında təqdimatlar olub. Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb.
Müzakirələrdə fəal iştirak edən Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, üzvləri Cavanşir Feyziyev və Tural Gəncəliyev regional münaqişələrlə, postsovet ölkələri ilə bağlı məsələlərə münasibət bildirib, təkliflərini diqqətə çatdırıblar.
Xəbərdə deyilir ki, millət vəkili Azər Kərimli Cənubi Qafqaz bölgəsində Rusiyanın son zamanlardakı rolundan danışıb. Bildirib ki, ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanat Ermənistanla Azərbaycan arasında 30 il davam edən münaqişəyə son qoyub. Deputat bildirib ki, bəyanatda yalnız hərbi əməliyyatların dayandırılmasını deyil, Azərbaycan ərazilərinin tamamilə işğaldan azad olunmasını təmin edən mühüm müddəalar yer alır. Rəsmi Moskva yalnız iki ölkə üçün deyil, bütün bölgə üçün yeni reallıqların yaradılmasına öz töhfəsini verib.
Daha sonra Azərbaycan parlamentinin nümayəndəsi Avropa qurumlarının, xüsusən də ATƏT-in münaqişənin sülh yolu ilə həllinə kömək edə bilmədiklərini və bəzi hallarda münaqişəyə qərəzli, birtərəfli yanaşdıqlarına baxmayaraq, Rusiyanın münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində hər iki ölkəyə kömək etdiyni diqqətə çatdırıb.
“Çıxışında həmçinin, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu il aprelin 14-də Ermənistana səfər edərək özünü qondarma “DQR”-in “xarici işlər naziri” kimi qələmə verən David Babayanla görüşməsinə də toxunan Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, münaqişədən sonra bölgədə yaranmış yeni reallıqları nəzərə almayan Aİ nümayəndəsinin kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız ümidlər verən addımlar atması yolverilməzdir. Bu hərəkət sağlam düşüncəyə və beynəlxalq hüquqa uyğun gəlmir.
Azər Kərimli onu da qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərinin minalardan təmizlənməsində ciddi problemlə üzləşir və indiyədək bu məsələdə bizə yalnız Türkiyə və Rusiya kömək edir”, – deyə açıqlamada qeyd edilir.