Son yeniləmə: 19 Aprel 2021 19:42
Bayraqdar.info – Mədəniyyət Nazirliyinin aprelin 19-da yaydığı xəbərdə bildirilir ki, Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin sədrliyi ilə aprelin 18-i – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans keçirilib.
Azad Cəfərli Günün əhəmiyyətindən danışıb. Bildirib ki, 18 aprel dünyanın əksər ölkələrində olduğu kimi ölkəmizdə də geniş qeyd olunur. Bu gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Xidmət rəisi vurğulayıb ki, bu il bu əlamətdar günü həm də 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılmış torpaqlarımızdakı mədəni irs nümunələrimizin öz həqiqi sahiblərinə qaytarılması işığında qeyd etdiyimizə görə əlamətdardır.
Daha sonra xidmət rəisi işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin monitorinqindən danışıb. O, bildirib ki, indiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinə baxış keçirilib: “Baxış zamanı onlardan 41-nin tamamilə məhv edildiyi, digər abidələrin müxtəlif vandalizm aktlarına məruz qaldığı müəyyən edilib. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb. Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı aşkar edilib. Həmçinin, aparılan ilkin monitorinqlər zamanı 695 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 360-ı kitabxana, 283-ü mədəniyyət evi və klub müəssisəsi, 20-si muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur”.
A.Cəfərli qeyd edib ki, onun rəhbərlik etdiyi qurumun məqsədi işğaldan azad olunmuş ərazilərimizdəki mədəni sərvətlərin qeydə alınması, bərpası, qorunması və istifadəsi sahəsində genişmiqyaslı, çoxşaxəli və əlaqələndirilmiş fəaliyyəti təmin etməkdir.
Videokonfransda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsi, qurumun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrası, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, “Abidələrin Müdafiəsi Təşkilatı” İctimai Birliyi, “İçərişəhər” Muzey Mərkəzinin nümayəndələri də iştirak edib. Tədbirdə o da vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərimizdə Azıx və Tağlar mağara düşərgələri, Leylatəpə, Üzərliktəpə və Çalağantəpə yaşayış yerləri, Xudafərin körpüləri, Şuşa şəhərində Şuşa Tarix-Memarlıq Qoruğu, Qutlu Musa oğlu türbəsi və sair abidələrimiz dünya və ölkəmizin mədəni irsi üçün xüsusi əhəmiyyət kəsb edən tarix və mədəniyyət abidələrindəndir.