Press "Enter" to skip to content

Qazaxıstan Moskvadakı 9 May tədbirlərinə əsgər göndərməyəcək

Bayraqdar.info – Qazaxıstan hərbçiləri bu il Moskvada keçiriləcək 9 May Qələbə tədbirlərinə qatılmayacaq. Bu haqda xəbəri Qazaxıstan Müdafiə Nazirliyi tərbiyə və ideoloji iş departamentinin rəisi Vitali Adamoviç verib.

Tengrinews.kz müxbirinin verdiyi xəbərə görə, Nazirlik rəsmisi bunu bir suala cavab verərkən deyib. V.Adamoviç bildirib ki, bu il Qazaxıstan hərbçilərinin Qırmızı Meydanda keçiriləcək tədbirlərə qatılması nəzərdə tutulmur.

Bununla belə, Qazaxıstan da 2-ci Dünya Savaşında Hitler faşizmi üzərində qələbənin 76-cı ildönümünü qeyd edəcək. Nazirlik rəsmisi bildirib ki, sanitar-epidemioloji tələblər nəzərə alınmaqla bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır: “Tədbirlər əsasən çevrimiçi (onlayn) olacaq. Əlavə olaraq “Jas sarbaz” (“Gənc əsgər”) hərəkatımızın planlaşdırdığı tədbirlər var. Gənc vətənpərvərlər Silahlı Qüvvələrin veteranlarını təbrik edəcəklər. Bölgələrdəki durumdan asılı olaraq veteranlar hərbi hissələrə dəvət ediləcək və öz hərbi xidmətləri haqqında xatirələrini bölüşəcəklər”.

Müdafiə Nazirliyi mayın 7-də və 9-da həm TV kanallarında, həm də özünün YouTube kanalında xüsusi nümayişlər təqdim edəcək.

V.Adamoviç deyib ki, veteranların təbrik edilməsi orijinal üsulla olacaq: “Ötən il olduğu kimi artistlər və yaradıcı kollektivlər veteranların yaşayış yerinə gedəcək, savaş günlərinin mahnılarını ifa edəcək. Buna isə yalnız veteranlar deyil, ərazidə yaşayan hər kəs tamaşa edə biləcək”.

Mission News Theme by Compete Themes.