Son yeniləmə: 18 Aprel 2021 18:11
Bu da hamının maragına səbəb olan Azərbaycan ordusunun 44 günlük döyüş əməliyyatları zamanı düşməndən ələ keçirdiyi döyüş texnikalarının sərgiləndiyi Hərbi Qənimətlər Parkı.
Xatırladaq ki, 44 gün davam edən (27.IX–10.XI.2020) və “Dəmir yumruq” adı alan hərbi əməliyyatlar nəticəsində ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Azərbaycanın mədəniyyət incisi hesab olunan Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan, Talış və Çaylı kəndlərini, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Hərbi Qənimtlər Parkı 2-ci Qarabağ müharibəsi zamanı düşməndən əldə edilmiş döyüş texnikalarının sərgiləndiyi yerdir.
Oranı görmək arzusu məndə Park açılan gündən yaranmışdı. Nəhayət ki, aprelin 16-da bu arzuma çatdım.
Hərbi Qənimətlər Parkında davranış
Parka getmək istəyənlər üçün bəzi qeydlər edim. Əvvəla, bütün taksi xidmətləri Parkı yaxşı tanıyır. Bizi aparan taksi sürücüsü bütün günü ora müştəri daşıdığını bildirdi. Bakının “Ağ Şəhər” ərazisində, Xətai rayonu, 8 Noyabr (əvvəlki adı Nobel idi) prospekti, 15 ünvanında yerləşən bu qeyri-adi Parkın qarşısında uzun, lakin səliqəli 200-300 nəfərlik br növbə var idi. Hamı maraqla və səbirsizliklə Parka daxil olmaq istəyirdi. İnsanları hissə-hissə, məsafə gözləməklə Parkın əraizisinə buraxırdılar.
Parka daxil olub bilet satılan kassaya yaxınlaşırıq. Şəhid ailələri, Qarabağ qaziləri və 6 yaşa qədər uşaqlar üçün Parka giriş pulsuz, digər insanlar üçün isə 2 manatdır. Parkla tanış olmaq istəyən əcnəbi turistlər 10 manat ödəməlidir. Həftənin bazar günü və bazar ertəsindən başqa Park hər gün səhər saat 10:00-dan axşam saat 18:00-a qədər fəaliyyət göstərir.
Hərbi Qənimətlər Parkının ərazisi 5 hektar sahəni əhatə edir. Ərazidə 300 hərbi texnika sərgilənir. 80 nəfər işçi heyət xidmət göstərir.
Parkın ərazisində xüsusi davranış qaydaları müəyyən edilib. Burada yüksək səslə danışmaq, qışqırmaq, siqaret çəkmək, hərbi eksponatlara əllə toxunmaq, qaçmaq, ərazini zibilləmək, sərxoş vəziyyətdə olmaq yolverilməzdir.
Əraziyə daxil olarkən əvvəlcə üzərində “Qarabağ Azərbaycandır!” yazılmış erməni avtomobillərinin nömrələrindən ibarət böyük lövhə diqqəti cəlb edir. Lövhənin üz və arxa hissəsi yüzlərlə erməni avtomobil nömrələrindən təşkil edilib.
Zirehli texnikalar
Hərbi Qənimətlər Parkında saz və nasaz vəziyyətdə olan 57 ədəd texnika (T-72 tankları, BMP-1, BMP-2 (PDM), M-5 “Zastava” özüyeriyən zenit qurgusu, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurgusu, “Şturm-S” tank əleyhinə raket kompleksi, “Osa” zenit-raket kompleksi, BTS-4 zirehli dartıcı, BRDM-2 kəşfiyyat dozor maşınları, “Snar-10” yerüstü artilleriya kəşfiyyat stansiyası, “Su-60” özüyeriyən avtomatik zenit topları, “Şilka” özüyeriyən zenit qurgusu, “Konkurs” tank əleyhinə raket kompleksi, 1S91-“Kub” zenit raket kompleksinin özüyeriyən kəşfiyyat və tuşlama qurgusu) ilə yaxından tanış oldum. Tankların üzərində erməni əsgərlərinin maketi bir ayrı maraqla qarşılanırdı.
Artilleriya qurğuları
Parkda 30 ədəd artilleriya qurgusu, “İskəndər-M” operativ taktiki raket kompleksi, “Smerç” yayım atəşli reaktiv sistemi, D-1, D-30 haubitsaları, 2B9 “Vasilyok” avtomatik minaatanı, KS-19 zenit topu, “Tocka-U” taktiki raket kompleksi, top haubitsalar və kustar üsulla hazırlanmış toplarla tanış oldum. Bu qurgulardan bəziləri saz vəziyyətdə, bəziləri isə yanmış, dağılmış vəziyyətdə idi.
Avtomobillər
Daha sonra ərazinin digər tərəfində sərgilənən 11 ədəd saz, 38 ədəd nasaz vəziyyətdə olan hərbi avtomobilə baxdım. Yanmış, dağılmış halda olan bu avtomobillərin yalnız “skeleti” qalmışdı desəm, yanılmaram. BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemlər, “Ural”, “QAZ-66”, “KaMaz” yük avtomobilləri, UAZ “Patriot” və yanmış “Nissan Navara” avtomobilləri ərazidə nümayiş etdirilir. Avtomobillərdən bəzilərinin içində erməni əsgərlərinin maketi də qoyulub.
Silah-sursat
Parkın ərazisində 2 yerdə silah-sursat eksponatlarının sərgisi var. 1-ci sərgidə 15 ədəd, 2-ci sərgidə isə 27 ədəd silah-sursat nümayiş etdirilir.
Pavilyonlar
Hərbi Qənimətlər Parkının ərazisində 3 Pavilyon fəaliyyət göstərir: 1. Bunker – düşmənin müdafiə xətti pavilyonu; 2. Videozal; 3. Suvenir satışı.
Hərbi çadırda yerləşən videozalda ziyarətçilər əyləşib Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışını rahatlıqla izləyir və işgaldan azad edilmiş torpaqlarımızın videosüjetlərinə baxırdılar.
Ermənilərin boş qalmış papaqlarından (dəbilqələr) ibarət kolleksiyanı isə o qədər bəyəndim ki, sözlə deyə bilmərəm. Papaqlarla şəkil çəkdirmək üstündə böyük növbə idi.
Qazilərimiz də Parkı ziyarətə gəlmişdi
Ərazini ziyarətə gələnlərin içərisində 2-ci Qarabağ döyüşlərində şücaət göstərib yaralanan qazilərimizi də gördüm. Onlardan bir neçəsi ilə söhbətləşdim.
Qazimiz İbrahimli İlkin Seymur oğlu Zərdab rayonunun Salahlı kəndindəndir. Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib və elə Laçında da yaxın məsafədən atəşlə ayağından yaralanıb. “Biz bu Hərbi Qənmətlər Parkından qürur duyuruq. Baxıb sevinirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”, – deyir qazi qardaşımız.
Digər qazimiz Abbaszadə Hümbət Qalib oğlu da uşaqlıq dostu İlkinlə bir yerdə döyüşdüyünü deyir. O da Cəbrayıl, Qubadlı və Laçın döyüşlərində düşmənə qan uddurub. Laçın rayonunun Arpagedi kəndində ermənilərlə üzbəüz döyüşdə ayağından yaralanıb. Deyir ki, “Döyüş həm çətin, həm də qürurvericidir. Vətən ugrunda döyüşmək şərəfdir. Şəhidlərimizin məkanı cənnət olsun, qazilərimizə Allah rəhmət eləsin. Bizi Füzuli rayonunda Hospitalda əməliyyat etdilər, hazırda Salyan rayon Xəstəxanasında müalicə olunuruq”.
Hər iki qazi qardaşımız Salyan rayon Xəstəxanasının həkim kollektivinə dərin minnətdarlıq bildirdilər.
Blindajlar, pavilyonlar və eksponatların foto və videoçəkilşlərini aparıb Parkla tanışlıqdan doymadan ayrılıram. Çünki artıq axşam saat 18:00-da Park bağlanır. Hərbi Qənimətlər Parkını təkrar görmək arzusu ilə oranı tərk edirəm.