Press "Enter" to skip to content

Ukrayna Donbas məsələsini fəal şəkildə müzakirə edir

Bayraqdar.info – Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, aprelin 19-da “Normandiya 4-lüsü” ölkələrinin siyasi məsləhətçiləri görüşəcək. Görüşdə irəliyə getmək üçün dörd ölkə – Ukrayna, Fransa, Almaniya və Rusiya liderlərinin zirvə görüşünə hazırlıq məsələləri müzakirə ediləcək.

V.Zelenski bu sözləri aprelin 16-da Parisdə Fransa Prezidenti ilə görüşdən sonra deyib. Görüşə Almaniya Kansleri Angela Merkel də videobağlantıyla qatılıb.

Ukrayna Prezidenti deyib ki, “Normandiya 4-lüsü” Donbasdakı münaqişənin sülh yoluyla həlli üçün ortaq məxrəcə gəlməlidir.

“Mən düşünürəm ki, bu mümkündür. Aprelin 19-da bizim təmsilçilərimiz bir araya gələcək. Bir sıra məsələlər müzakirə ediləcək. Hər şeydən öncə, Fransa və Almaniya tərəflərinin təklifləri. Ukraynanın da əlavələri olacaq. Bu təkliflər Rusiya tərəfindən də diqqətə alınır. Bütün tərəflər bu təkliflərlə bağlı fikirlərini deyəcək: nəyə razıdırlar, nəyə razı deyillər”, – deyə V.Zelenski bildirib.

Prezident bildirib ki, təkliflər Minsk razılaşmasının tətbiqinə yönəlikdir.

V.Zelenski Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Angela Merkellə Şərqi Ukraynadakı durumu – atəşkəs və ondan sonra baş verən bir sıra pozuntuları müzakirə edib.

Ukrayna Prezidenti Avropalı həmkarlarına bu ilin yanvarından qarşıdurma bölgəsində durumun gərginləşdiyi haqqında məlumat verib. O, qeyd edib ki, təkcə ilin ilk aylarında Ukraynanın 30 hərbiçisi öldürülüb. Özü də onlar təsadüfən deyil, məqsədli şəkildə, bir sıra hallarda snayper atəşilə öldürülüb. V.Zelenski bunu təsdiq edən görüntülərə sahib olduqlarını da deyib.

Ukrayna rəhbəri onu da qeyd edib ki, ölkəsi əldə edilmiş razılaşmalara bütün maddələr üzrə əməl etsə də Rusiya və işğal edilmiş torpaqlara nəzarət edənlər belə etmir.

Maraqlıdır ki, V.Zelenski bu açıqlamasında Krım haqqında heç nə deməyib. Ümumiyyətlə isə Ukrayna Prezidentinin Fransaya səfəri, Almaniya Kanslerinin də çevrimiçi qatılımıyla üçlü görüşməsi haqqında xəbərlərdə Krım barədə məlumat verilmir. Bununla belə xatırlatmaq istərdik ki, bu il avqustun 23-də Kiyevdə geniş tərkibli Krım Platformasının keçirilməsi nəzərdə tutulur. Bu görüşə Türkiyə Prezident Recep Tayyip Erdoğan da dəvət edilib.

Mission News Theme by Compete Themes.