Son yeniləmə: 17 Aprel 2021 14:01
Yaxud Yunanıstanın da Ermənistan kimi türkə düşmən kəsilmək siyasəti dəyişmir
Aprelin 14-də Ankarada səfərdə olan Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Mevlüt Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında yaşananlar hələ uzun müddət müzakirə olunacaq. Həmin mətbuat konfransında Dendiasın diplomatik çərçivədən kənar açıqlamaları və cənab Çavuşoğlunun elə anındaca ona həddini bildirməsi barədə məqama bir azdan yenidən toxunacağıq. Hələlik isə onu qeyd edək ki, Dendiasın bu davranışı “Bir Zamanlar Kıbrıs” serialı ərafında bəzi düşüncələrimizi qələmə almağa sövq etdi.
Məlum olduğu kimi, TRT1 kanalından yayımlanan və artıq 3 bölümü tamaşaçılara təqdim olunmuş “Bir Zamanlar Kıbrıs” tarixin öyrənilməsi baxımından da önəm daşıyır. Yəni zaman-zaman türklərin başına gətirilən qanlı faciələrin, kütləvi soyqırımların tarixinin Kıbrıs səhifəsini bu serial vasitəsilə vərəqləyirik. Və Yunanıstanın Kıbrıs adasını özünə birləşdirmək üçün ötən əsrin 40-cı illərində başlatdığı “Enosis” (birləşmək) siyasəti nəticəsində 1960-70-ci illərdə Kıbrıs türklərinin başına hansı faciələrin gətirildiyi, bu işdə 1955-ci ildə məhz Yunanıstanın birbaşa rəhbərliyi ilə yaradılan EOKA (Ethniki Oraganosis Kyprion Agoniston – Kipr Yunanlarının Azadlığı Təşkilatı) terror təşkilatının hansı qanlı cinayətlər törətdiyi haqqında serial vasitəsilə bir daha məlumat alırıq. Bu məqamda bildirməyi borc bilirik ki, əslində, “Bir Zamanlar Kıbrıs” digər türk xalqlarının, o cümlədən azərbaycanlıların başına gətirilən, özü də oxşar senari və dəst-xətlə törədilən faciələrin də xatırlanmasına vəsilə olur. Məsələn, serialın ötən üç bölümünə baxdıqca “Enosis”in “Miatsum”dan fəqlənmədiyinin, daha doğrusu, hər ikisinin eyni mahiyyət kəsb etdiyinin fərqinə varırıq. Yəni zaman fərqi olsa da yunanca mənası birləşmək olan “Enosis” ideyasını ortaya atanların da, ermənicə mənası birləşmək, yaxud birləşdirmək olan “Miatsum” ideyasına söykənənlərin də bir məqsədi vardı – türkləri öz ata-baba yurdlarından didərgin salmaq, imkan olduqca daha çox türk öldürmək, özü də bu zaman dünyada görünməmiş vəhşilikləri törətmək.
Bu iki qanlı ideyanı gerçəkləşdirən terrror təşkilatlarının yaradılması və fəaliyyəti də oxşarlıq təşkil edir. Belə ki, türklərə qarşı planlarda hər zaman ön sırada olan, bu ölkədəki türkləri müxtəlif təzyiqlərə məruz qoyan Yunanıstan, Kıbrısı türklərdən təmizləmək üçün ortaya atdığı “Enosis”in reallaşması üçün 1955-ci ildə məhz EOKA terror təşkilatını yaratmışdı. Eyni ilə Ermənistanı türklərdən-azərbaycanlılardan tamamilə təmizləmək üçün hərəkətə keçən rəsmi İrəvan Dağlıq Qarabağı işğal etmək məqsədilə ortaya atdığı “Miatsum”u gerçəkləşdirmək üçün ötən əsrin səksəninci illərində “Krunk” terror təşkilatını yaratdı.
Burada üzərində xüsusi olaraq dayanılması vacib olan məqamlardan biri də Kıbrısda türklərə qarşı “Enosis”i gerçəkləşdirənlərə yardım edən xarici güclərin, yunan terrorçularına silah-sursat verən xarici dövlətlərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı “Miatsum”u reallaşdıran ermənilərə də oxşar formada dəstək vermələridir. Yəni, göründüyü kimi müxtəlif zaman kəsimlərində cərəyan etməsinə baxmayaraq hər iki qanlı əməlin xarici dəstəkçiləri eyni dövlətlər olub. Sadəcə həmin xarici güclər bu faciələrin birində baş rolu Yunanıstana, digərində isə Ermənistana həvalə ediblər. Yaşadığımız zamanda cərəyan edən proseslər isə dünya dəyişsə də bu iki dövlətin türkə düşmən kəsilmək siyasətinin dəyişmədiyini ortaya qoyur.
Beləliklə, qayıdaq girişdə toxunduğumuz məqama. Xatırladaq ki, sözügedən mətbuat konfransında Dendiasın Türkiyənin ünvanına əsassız ittihamlar səsləndirməsinə Çavuşoğlu tərəfindən sərt reaksiya verilib.
“Mətbuatın qarşısında ağır ittihamlar səsləndirirsinizsə buna cavab vermək məcburiyyətindəyəm. Mən çıxışımda Yunanıstanı ittiham edən hər hansı bir kəlmə işlətmədim. Ancaq Dendias Türkiyənin Yunanıstanın suverenlik haqlarını qəsb etdiyini söylədi. Bunun qəbul edilməsi mümkün deyil”, – deyən Çavuşoğu daha sonra yunan həmkarına gərəkən dərsi verib.
Taraflı tarafsız herkesin “Helal olsun” demesi bir yana diplomatik bir dille bir palikaryanın ağzına s…. her babayiğidin harcı değildir. Gururumuzsun @MevlutCavusoglu Bakanım🙏👏 pic.twitter.com/uhlUzjLPiA
— Mehmet Ali Dim 🇹🇷 (@MehmetAliDim) April 16, 2021
Türkiyənin özünün və Kıbrıs türk xalqının hüquqlarını qorumağa qadir olduğunu deyən Çavuşoğlu Batı Trakya türklərinin hüquqlarını qəsb edən, insanlığa sığmayan bir şəkildə köçkünlərin qayıqlarını batıraraq onları ölümə tərk edən, imzaladığı razılaşmanı pozaraq silahsız qalmalı olan adaları silahlandıran Yunanıstanın əməllərini bir-bir yunan həmkarının üzünə vurub.
Əslində, Türkiyənin xarici siyasət idarəsi rəhbərinin Batı Trakya türkləri barədə dedikləri Yunanıstanın bu gün də antitürk zehniyyətə sahib olduğunu təsdiqləyir. “Batı Trakya azlığı “türkəm” deyirsə, deməli onlar türkdür. Bunu belə qəbul etməlisiniz”, – deyən Çavuşoğlu Türkiyənin Rum Ortodoks azlığı Rum Ortodoks olarak kabul etdiyini, amma Yunanıstanın “Biz türkük” deyən azlığı türk olaraq qəbul etmədiyini, bunun isə insan haqları və beynəlxalq hüquqa zidd olduğunu bildirib.
Zəruri xatırlatma: Nikos Dendiasın Ankara səfəri zamanı Batı Trakya azlığı ilə bağlı işlətdiyi ifadələr Batı Trakya Türk Azınlığı Danışma Kurulu (BTTADK), İstanbul mərkəzli Batı Trakya Türkləri Dayanışma Dərnəyi (BTTDD), Avropa Batı Trakya Türkləri Federasiyası (ABTTF) tərəfindən kəskin etirazla qarşılanıb. Bununla bağlı verilən açıqlama və bəyanatlarda “Batı Trakyada yaşayan azlıq türkdür və türk olaraq yaşamağa davam edecək” sözləri bir daha bəyan edilib.