Press "Enter" to skip to content

Ukrayna Prezidenti Türkiyədən razılıq və dəstək ifadə etdi

Bayraqdar.info – Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 15-də Kiyevdə keçirilmiş Milli Təhlükəsizlik və Müdafiə Şurasının toplantısında digər məsələlərlə yanaşı bugünlərdə Türkiyəyə etdiyi səfərə də toxunub.

Prezidentin administrasiyasından verilən xəbərdə deyilir ki, “Türkiyəyə bu yaxınlarda etdiyi məhsuldar səfər kontekstində Volodimir Zelenski Ukraynanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi üçün Recep Tayyip Erdoğana təşəkkürünü bildirib”.

“Biz bir sıra vacib sənədlər imzalamışıq. Lakin bu gün geosiyasi məsələlər haqqında danışdığımız zaman ən vacb məsələ Ukraynada sülh və tərəfdaşlarımızın bizi dəstəkləməsidir. Önəmlidir ki, Prezident Erdoğan Ukraynanı dəstəkləyir. Bizim müvəqqəti işğal altında olan torpaqlarımızı dəstəkləyir. Krımı dəstəkləyir. Önəmlidir ki, o, bizim mövqeyimizi dəstəkləyir. Krımın ilhaqını tanımır”, – deyə V.Zelenski bildirib.

Ukrayna Prezidenti bildirib ki, o, Türkiyə Prezidenti ilə Ukrayna və Türkiyə turistlərinin qarşılıqlı səfərləri ilə bağlı xüsusi qaydalar haqqında da danışıb: “Biz Ukrayna və Türkiyə turist axınının qarşılıqlı artımı haqqında danışırıq. Özəlliklə də indiki durumda bir-birimizi dəstəkləməliyik. Eşitmisiniz ki, Rusiya bu ölkədən Türkiyəyə turist səfərlərini məhdudlaşdıracağını deyir. Bu, onların öz işidir. Mən düşünürəm ki, biz əksinə etməli – turist axınını artırmaqla Türkiyəyə dəstəyimizi göstərməliyik”.

Qeyd edək ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının toplantısında əsas mövzu işğal altında olan Ukrayna torpaqları olub. Eyni zamanda Ukrayna Prezidentinin Fransaya səfəri, eləcə də Almaniya kansleri ilə nəzərdə tutulan videogörüşü haqqında danışılıb. Daha bir ciddi məsələ isə qaçaqmalçılıq, oliqarx inhisarçılığı olub.

Mission News Theme by Compete Themes.