Son yeniləmə: 16 Aprel 2021 12:09
Bayraqdar.info – Təhsil Nazirliyi 9 şəhər və rayonu əhatə edən, 1306 müəllimin və 222 məktəbdən 120 min şagirdin iştirak etdiyi “Rəqəmsal bacarıqlar” adlı layihəyə başlayıb. Bu barədə Nazirlik açıqlama yayıb.
Məlumatda bildririlir ki, təlimdə iştirak edən müəllimlərdən 1050 nəfəri Azərbaycan bölməsi üzrə 89 mindən, 256 nəfəri isə rus bölməsi üzrə 30 mindən çox şagirdə informatika fənnini yeni formada tədris edir.
2020-2021-ci tədris ili ərzində keçirilməsi nəzərdə tutulan “Rəqəmsal bacarıqlar” layihəsindən məqsəd müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsidir.
“Təlimlər nəticəsində müəllimlər layihədəki fəaliyyətləri çərçivəsində beynəlxalq “Alqoritmika” proqramlaşdırma məktəbinin metodistləri tərəfindən hazırlanmış məzmunun yüksək keyfiyyətli tədrisini apara biləcəklər. Təlim mövzuları proqramlaşdırma dillərinin əsaslarını, alqoritm anlayışını, alqoritmin növlərini, “Scratch” proqramlaşdırma mühitində resursların yaradılması kimi sahələri əhatə edir. Eyni zamanda, “Python” proqramlaşdırma dili, obyektlə idarəetmə imkanları və s. kimi mövzular da təlim proqramında öz əksini tapır”, – deyə qeyd edilir.