Press "Enter" to skip to content

“Savaş günlərində biz Azərbaycan üçün dua edirdik” – VİDEO/FOTOLAR

Son yeniləmə: 16 Aprel 2021 11:19

Bayraqdar.info – Bu dəfəki həmsöhbətimiz məsafəcə uzaq olsa da hər zaman özümüzə yaxın bildiyimiz, ən yaxşı münasibətlərimiz olan ölkələrdən birinin vətəndaşı, sənət adamı Sayed Kəbir Kamaldır. Türk dünyasında özəl bir yeri olan, tarixin bütün mərhələlərində türklərin yaşadığı, bir çox hallarda idarə etdiyi Əfqanıstandandır sənətçi dostumuz. O, ölkəsində yaşayıb yaradır, eyni zamanda türk dünyası, özəlliklə də Azərbaycanın ətrafında baş verənləri çox yaxından izləməyə çalışır. Hətta 44 günlük Vətən savaşımız günlərində hər səhərini Azərbaycanla açdığını deyir Kəbir.

Bizim suallarımızı həvəslə cavablandırmağa razılaşan Kəbir Azərbaycan oxucusuna özünü belə tanıdır: “Əfqanıstanda olan türklərin özbək əqrəbalarındanam. 1992-ci ildə Şibirqan şəhəri – Cürcanda anadan olmuşam. Əslimiz Fəryabın Andxoy kəndindəndir. 2013-də Bəlx Universitetini bitirmişəm. Atam çox məşhur sənətçidir. Dütar çalmağı, muğam oxumağı 8 yaşımdan bəri ondan öyrənmişəm”.

Həmsöhbətimiz deyir ki, Əfqanıstanlı bir türk olmaqla qürur duyur: “Əfqanıstanlı türk olmaq mənə çox yaxşı hisslər yaşadır. Çünki ölkənin Güney bölgəsində 10 milyondan çox türk – özbək, tatar, türkmən, qırğız yaşamaqdadır. Biz hamımız bir-birimizi çox sevirik və bununla fəxr edərək yaşayırıq”.

Azərbaycanla Əfqanıstan türkləri arasında münasibətlərə gəlincə, Kəbir deyir ki, əvvəllər daha yaxşı münasibətlər vardı: “Öncəki illərdə Azərbaycanla Əfqanıstan türkləri arasında çox yaxşı münasibətlər vardı. Lakin indi o qədər də yaxın deyilik. Düzdür, mən münasibətləri yaxşı görürəm. Hətta şair Füzulinin şeirlərini oxumağı xoşlayıram. Bizim burada Sabir Kargər adlı şair var. Onun “Özbək, Türkmən, Uyğur, Tatar” deyə bir şərqisi var. Bunun bilinməsi lazım. Biz burada Azərbaycan şərqilərini dinləyirik. Lakin azdır. Gələcəkdə Əfqanıstanla Azərbaycan arasında əlaqələrin daha yaxşı olmasını istərdim”.

Kəbir deyir ki, bu yaxınlarda türk dünyasının böyük şəxsiyyəti Əlişir Nəvaiyə həsr edilmiş tədbirdə iştirak edib: “Heratda Əmir Əlişir Nəvaiyə həsr edilmiş böyük bir tədbir oldu. Burada sənət-şeir adamlarıyla bərabər siyasət adamları da iştirak edirdi. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan kimi ölkələrdən də iştirakçılar vardı. Bu cür tədbirlər ölkələrimiz arasında ilişkilərin gücləndirilməsinə səbəb olur”.

Əfqanıstanlı dostumuz 2020-ci ildə Ermənistanla Azərbaycan arasındakı savaşı da çox yaxından izlədiklərini, bizim üçün bizim qədər həyəcanlandıqlarını deyir: “Əfqanıstandakı özbəklər-türklər olaraq Allaha dua edirdik ki, Azərbaycanın haqqı özünə qaytarılsın. Yəni bu, tək Azərbaycanın deyil, türk dünyasının haqqıdır. Hətta bizim ana-atalarımız, özümüz dua edirdik ki, bu yurd bizim yurdumuzdur və ona sahib olmalıyıq. Sonda Azərbaycan qalib gəlincə biz çox xoşbəxt olduq”.

« of 6 »

“İstəyirik ki, Əfqanıstanla Azərbaycan arasında ilişkilər daha da irəli getsin. Bunu istəyiriksə sənətçilər arasında gediş-gəliş artmalıdır. Bizim sənətçilərimizin, şairlərimizin Azərbaycana getməsi, oranın mədəniyyətini yaxından görməsi, tanış olması çox vacibdir. Eyni şəkildə də Azərbaycandan Əfqanıstana gəlsinlər. Gəlsinlər, öz sənətlərini burada nümayiş etdirsinlər. Əfqanıstan tələbələrinin Azərbaycanda, Azərbaycan gənclərinin də Əfqasıntanda oxuması üçün geniş şərait olmalıdır. Bu, iki Vətən arasındakı ilişkiləri çox möhkəmləndirərdi”, – deyir Kəbir.

Sözünün sonunda Əfqanıstanlı dostumuz Kəbir Kamal günün birində Azərbaycana gəlmək, öz sənətini burada da nümayiş etdirmək, insanlarımızla qaynayıb-qarışmaq arzusunu ifadə etdi: “Fürsətkən Azərbaycanlı türk qardaş-bacılarımıza salam və sayğılarımızı çatdırmaq istərdim. Ümid edirəm ki, bir gün Azərbaycana gəlib sənətimi türk qardaşlarımıza göstərə biləcəyəm”.

Qeyd edək ki, Əfqanıstan birbaşa türk dövləti olmasa da türk dövlətləri və dünya türkləri onu heç vaxt özündən ayrı görmədi. İstər qədimlərdə, istərsə də indi bu ölkə də türk dünyasının bir parçası olaraq qəbul edilir, qeyri-rəsmi olaraq Güney Türküstan kimi tanınır. Əlbəttə, dünya türkləri Əfqanıstanın suverenliyi və ərazi bütövlüyünə əsla qarşı deyil. Əksinə, bu ölkənin ərazi bütövlüyünün və suverenliyinin möhkəmlənməsində, eyni zamanda orada yaşayan türklərin ayaqda qala bilməsində maraqlıyıq. Elə həmsöhbətimiz Sayed Kəbir Kamal da vətənsevər bir türk olaraq öz ölkəsinin – Əfqanıstanın inkişafında, dünyada yaxşı mənada tanınmasında maraqlıdır.

Onu da əlavə edək ki, Əfqanıstan əhalisinin ümumi sayı 38 milyon nəfərdir ki, bunun da önəmli bir hissəsini türklər təşkil edir. Əfqanıstan türklərinin hazırda ən tanınmış simalarının önündə gedən general, ölkənin keçmiş vitse-prezidenti Abdul Rəşid Dostum da özbəklərdəndir və ölkənin çağdaş tarixində xüsusi roluyla seçilir.

Mission News Theme by Compete Themes.