Press "Enter" to skip to content

Rusiyanın Qara dənizdə məhdudiyyət tətbiqinə Ukraynadan reaksiya

Bayraqdar.info – “Rusiya Federasiyası elan edib ki, gələn həftədən başlayaraq 2021-ci ilin oktyabrınadək Qara dənizin Kerç xətti istiqamətindəki kəsimi hərbi məşqlər səbəbindən savaş və başqa dövlətlərin gəmiləri üçün bağlı olacaq. Rusiya Federasiyasının əməlləri Qara dənizin bu su sahəsində nəqliyyatı tənzimləmə haqqına sahib olan Ukraynanın sahil dövləti kimi beynəlxalq norma və qanunlardan irəli gələn suveren hüquqlarını faktiki olaraq daha bir mənimsəmə cəhdidir.”

Bu fikirlər Ukrayna Xarici İşlər Nazirliyinin aprelin 15-də yaydığı bəyanatdandır.

Bəyanatda daha sonra deyilir ki, Rusiyanın əməlləri BMT dəniz hüququ Konvensiyasında nəzərdə tutulmuş “dəniz hərəkəti azadlığı”nın kobud pozuntusudur. Konvensiyaya görə, Rusiya Azov dənizi limanlarına keçidi əngəlləyə bilməz.

Bəyanatda Rusiyanın Ukrayna sərhədi, eləcə də dəniz suları boyunca özünün hərbi mövcudluğunu gücləndirməsindən narahatlıq ifadə edilir. Eyni zamanda qeyd edilir ki, Rusiya Xəzər dənisindəki hərbi gəmilərini bölgəyə gətirməklə Azov-Qara dəniz bölgəsində hərbi gücünü artırır, heç bir hüququ olmadan xarici, o cümlədən də Ukrayna gəmiləri üçün məhdudiyyət tətbiq edir.

“Belə davranış Rusiyanın, Ukraynaya qarşı hərbi və hibrid üsullarla gerçəkləşdirdiyi təcavüzü dayandırmağı arzu etmədiyini açıq şəkildə göstərir”, – deyə bəyanatda bildirilir.

“Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının belə əməllərinə qarşı qəti etirazını ifadə etməklə bərabər bu ölkənin Qara dənizdə bəlli su sahələrini qapatmaqla bağlı qanunsuz qərarının dərhal ləğvini tələb edir. Biz, Azov-Qara dəniz bölgəsində gərginliyə səbəb olan qərarın ləğvinə nail olmaq üçün beynəlxalq tərəfdaşlarımızı təcavüzkar dövlətə qarşı siyasi və diplomatik basqıları artırmağa çağırırıq”, – sözlərilə bəyanat sona çatır.

Mission News Theme by Compete Themes.