Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov Əfqanıstan və Çindən gəlmiş etnik qırğızları vətəndaşlığa qəbul etməklə bağlı fərman verib. Bu haqda xəbəri Qırğızıstan Prezidentinin Aparatından veriblər.
Ölkə başçısı bu fərmanı Prezident Yanında Vətəndaşlıq Məsələləri ilə Bağlı Komissiyanın təklifləri əsasında verib.
Fərmana görə, 111 nəfər vətəndaşlığa qəbul edilib. Onlardan 60 nəfəri 18 yaşdan yuxarı, 51 nəfəri isə aşağı yaş həddindədir.
Vətəndaşlığa qəbul edilənlərin hamısı Əfqanıstan İslam Respublikasından və Çin Xalq Respublikasından gəlmiş qırğızlardır.
Əlavə edək ki, Əfqanıstanda dövlətin qırğızlara qarşı basqıları olmasa da ölkədəki qeyri-sabit durum, özəlliklə də Taliban təhlükəsi vətəndaşların buradan qaçmasının əsas səbəblərindəndir.
Çində isə dövlətin açıq şəkildə etnik türklərə – uyğurlara, qazaxlara və qırğızlara qarşı tətbiq etdiyi ayrıseçkilik, assimilyasiya və insanlıq dışı basqı siyasəti bu qrupdan olanların ilk fürsətdə ölkədən qaçmasının əsas səbəbi kimi bilinir.