Son yeniləmə: 16 Aprel 2021 12:03
Bayraqdar.info – Azərbaycanda müəllimlərin biliyinin qiymətləndirilməsi məqsədilə cərçivələr müəyyən olunub.
“Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsini müəyyən edən sənədlər toplusu hazırlanıb. Sənədlər toplusu ümumi və tam orta təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub. Həmin sənədlər 18 fənni, ibtidai sinif, metodika və pedaqogikanı əhatə edən məlumat kitabçasında öz əksini tapıb.”
Bu açıqlama Təhsil Nazilriyindən yayılıb.
Açıqlamada göstərilir ki, məlumat kitabçasında hər fənn üzrə qiymətləndirmənin əsas məzmun sahələri və bu sahələr üzrə istifadə olunacaq tapşırıqların sayı göstərilib, müxtəlif fənlər üzrə əsas mövzular verilib. “Bu, həm müsabiqə iştirakçılarını test tapşırıqlarının informasiya mənbəyi ilə tanış etmək, həm də onların fənnin tədrisi üçün zəruri olan nəzəri və praktiki bacarıqlarını yoxlamaq, mövcud dərsliklərdəki mövzuları bilmə, mənimsəmə səviyyəsini ölçmək məqsədini daşıyır”, – deyə Nazirlik bildirir.
Mövzular ümumtəhsil məktəblərinin ümumi və tam orta təhsil pilləsində istifadə olunan proqram və dərsliklərdəki tədris materiallarına əsasən hazırlanıb.
Nazirlik onu da qeyd edir ki, müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində öz əksini tapan mövzular ali təhsil müəssisələrinin pedaqoji ixtisaslarını bitirmiş məzunların hər birinə bu və ya digər səviyyədə tanışdır.