Son yeniləmə: 16 Aprel 2021 11:32
Bayraqdar.info – Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək. 26-28 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə rəqəmsal formatda “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans və data yarışması keçiriləcək. PAŞA Holding, Azərbaycan Beynəlxalq Bankı, “BestComp” və bp şirkətinin maliyyə dəstəyi ilə təşkil olunacaq konfrans dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunur.
Dövlət Agentliyindən verilən məlumata görə, konfrans çərçivəsində 20-dən çox ölkəni təmsil edən 50-dən çox tanınmış çıxışçı, beynəlxalq təşkilatların nümayəndələri, mühəndislər, süni intellekt üzrə mütəxəssislər və futuristlər bir araya toplanaraq süni intellekt sahəsində dövrümüzün ən vacib məsələlərini müzakirə edəcəklər. Müzakirələr rəqəmsal idarəetmədə süni intellekt və digər yeni nəsil texnologiyaların tətbiqinin sürətləndirilməsi; süni intellektin inkişafı, dizaynı və tətbiqi zamanı etik çərçivənin qorunması məqsədilə tələb və təkliflərin izlənilməsi; Azərbaycanda süni intellekt əsaslı həllərin qurulması istiqamətində cari çağırışlar və gələcək baxışların müəyyən edilməsi, həmçinin süni intellekt ekosisteminin cəmiyyətdə təşviqinin təşkili istiqamətində qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması mövzuları ətrafında olacaq.
Eyni zamanda, təşkil olunacaq data yarışması öncəsi iki gün ardıcıl olaraq məşğələlər keçiriləcək. Konfransın sonuncu günündə data yarışması təşkil olunacaq, qaliblər mükafatlandırılacaq.