Bayraqdar.info – Fransalı jurnalist Nadiya Lazzouni ölümlə təhdid edilib. Bu haqda xəbəri Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) yayıb.
Komitədən bildirilib ki, Paris mərkəzli “Speak Up Channel” adlı xəbər və şərh kanalının qurucusu Nadiya Lazzouniyə aprelin 8-də əlyazma şəklində bir məktub gəlib. Məktubda ölüm təhdidi, seksist və islam əleyhinə qeydlər yer alıb.
“Fransa rəsmiləri Nadiya Lazzouninin aldığı təhdidləri ciddi şəkildə araşdırmalı və cavabdehləri məsuliyyətə cəlb etməlidir. Lazzouni dini mənsubiyyətinə və düşüncələrinə görə hədəf seçilib. Buna görə də rəsmilər onun öz işini hər hansı qorxu olmadan davam etdirməsini təmin eləməlidir”, – deyə CPJ-nin Avropa və Orta Asiya proqram koordinatoru Gulnoza Said bildirib.
N.Lazzouni CPJ ilə telefon söhbətində deyib ki, “mən jurnalist, müsəlman olduğum üçün, eyni zamanda baş örtüsü geyindiyimə görə hədəfə alınıram. Ölüm təhdidli məktub mənim şəxsi ünvanıma daxil olub. Ona görə də evimdə belə təhdid altında olduğumdan qorxuram”.
N.Lazzouni təhdid məktubunu özünün sosial media hesabında dərc edib, eyni zamanda hüquq mühafizə orqanlarına şikayət göndərib. Lakin hələ də şikayətinə baxan olmayıb.
À travers mon travail et mes prises de parole publiques, j'ai tjrs essayé de diffuser un message d'espoir et d'ignorer ce climat délétère. Est-ce que je peux encore marcher avec des oeillères? Allez-vs agir face à ces menaces de mort @GDarmanin @MarleneSchiappa @EmmanuelMacron ? pic.twitter.com/BZdbDTf7lh
— Nadiya Lazzouni (@nadiyalazzouni) April 8, 2021
Təhdid məktubunda deyilir ki, “müsəlmanları boynundan vuracaqlar” və “onları buldozerlə kürüyüb atacaqlar”. Ta ki, “Fransa bütün müsəlmanlardan və islamçılardan təmizlənmiş olsun”.
N.Lazzouni 20 min abunəçisi olan YouTube kanalında Fransada azlıqlar məsələsini tez-tez gündəmə gətirir. O, müsəlman geyimini yasaqlayanlara qarşı da fikirlər səsləndirir.
CPJ Fransa rəsmilərinə məsələylə bağlı açıqlama üçün müraciət etsə də hələlik cavab ala bilməyib.
Qeyd edək ki, bir Avropa ölkəsi olmasına baxmayaraq Fransa müsəlmanlara qarşı ən dözümsüz ölkələrdən biri kimi tanınır. Bu ölkədə tez-tez müsəlmanlara qarşı açıq və qanlı çıxışlar olur. Lakin dövlət belə çıxışlara qarşı effektiv tədbirlər görmür.