Press "Enter" to skip to content

Ermənistan Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmalıdır – ÖZƏL

Son yeniləmə: 16 Aprel 2021 13:44

Yücel Karauz: Ermənistanın bu əməllərinin müharibə cinayəti olaraq qeydə alınması, bunun həm BMT, həm də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) səviyyəsində dilə gətirilməsi istiqamətində TBMM-nin son addımı çox önəmlidir

Bayraqdar.info – “Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrində belə bir formul vardı. Bu iki qardaş ölkə hər zaman beynəlxalq arenada bir-birinə dəstək verir. Türkiyə ilə bağlı bir məsələ olanda ilk addımı Azərbaycan, Azərbaycanla bağlı məsələ olanda isə Türkiyə atır. Prezidentlər, yaxud baş nazirlər vəzifədə ilk ziyarətlərini qardaş ölkəyə edərlər. Yəni, bu iki qardaş ölkə daim bir-birinə dəstək verir, bir-birinin yardımına çatan ilk dövlət olur. Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin Ermənistanın müharibə cinayətləri ilə bağlı qəbul etdiyi hesabatı da bu baxımdan dəyərləndirmək lazımdır.”

Bunu Türkiyə Cümhuriyyətinin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz komitənin aprelin 15-də qəbul etdiyi hesabatı bayraqdar.info-ya şərh edərkən deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Hərbi Qənimətlər Parkanın açılışındakı çıxışında da bəyan etdiyi kimi Qarabağ münaqişəsinin əsasının, əslində 1987-ci ildən qoyulduğunu deyən Türkiyəli general ötən müddət ərzində Ermənistanın çoxsaylı müharibə cinayətləri törətdiyini bildirib: “Ötən müddət ərzində Ermənistan beynəlxalq hüququ pozaraq Azərbaycanlılara qarşı Xocalı soyqırımı da daxil çoxsaylı cinayətlər törədib. Eyni zamanda, Azərbaycan torpaqlarının işğaldan azad edildiyi 44 günlük Vətən müharibəsi dövründə də Ermənistan bəşəri cinayətlər törətməkdə davam etdi. Məlum olduğu kimi müharibə günlərində ön cəbhədə Azərbaycan ordusu qarşısında əzici məğlubiyyətə uğrayan Ermənistan heyfini mülki insanlardan, təbiətdən, tarixi və dini abidələrdən çıxdı. Döyüş meydanından kənarda yerləşən şəhər və rayonları raket atəşinə tutan, günahsız mülki insanların ölümünə səbəb olan Ermənistanın bu cinayətlərə görə cavab verməsi lazımdır. Yəni, Ermənistanın bu əməllərinin müharibə cinayəti olaraq qeydə alınması, bunun həm BMT, həm də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) səviyyəsində dilə gətirilməsi istiqamətində TBMM-nin son addımı çox önəmlidir. TBMM-nin İnsan hüquqları komitəsi 44 günlük müharibə zamanı Ermənistanın müharibə cinayəti törədərək mülki yaşayış yerlərini, mədəniyyət və tarixi yerləri hədəfə aldığını özündə əks etdirən hesabatı qəbul etdi. Bununla da sözügedən müharibə cinayətlərini törədənlərin beynəlxalq müharibə cinayəti məhkəmələrində mühakimə olunması üçün lazımi addımların atılmasına qərar verdi. Sözümün əvvəlinə qayıdaraq deyim ki, TBMM İnsan hüquqları komitəsinin bu addımı digər baxımdan da önəmli ola bilər. Yəni Ermənistanın beynəlxalq cinayət məhkəmələrinə verilməsi istiqamətində ilkin addım Türkiyədən gəlib. Bundan sonra isə Pakistan, Ukrayna kimi dost ölkələrin parlamentlərində də oxşar qərarların qəbul edilməsini arzulayıram. Eyni zamanda, Xocalı faciəsini soyqırımı kimi qəbul edən ölkələrdə də bu istiqamətdə addımların atılmasına nail olmaq üçün hərəkət keçmək lazımdır”.

Yücel Karauz onu da əlavə edib ki, bu istiqamətdə təbliğat işini də intensivləşdirmək vacibdir: “Belə ki, işğaldan azad edilən torpaqlarda təbiətə, tarixi, dini və mədəni abidələrə qarşı törədilən cinayətlər, həmçinin müharibə günlərində Bakı, Gəncə, Tərtər, Bərdədə mülkü yayayış yerlərinə qarşı həyata keçirilən təcavüzkar fəaliyyətlər beynəlxalq səviyyədə qeydə alınmalı, bunlarla bağlı qısametrajlı filimlər çəkilməli, bu filmlər, bəşəri cinayətlər, müharibə cinayətləri haqqında həqiqiətlər diaspor vasitəsilə dünya birliyinə çatdırılmalıdr”.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsi aprelin 15-də Ermənistanın Azərbaycana hücum etməsi ilə başlayan gərginlik və müharibə zamanı insan haqlarının pozulması, həmçinin Türkiyədəki erməni vətəndaşların vəziyyəti ilə bağlıl alt komitənin hesabatını müzakirəyə çıxararaq, qəbul edib.

Müzakirə zamanı çıxış edən İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlu İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın döyüş bölgəsindən kənarda yerləşən şəhər və rayonlarına, mülkü obyektlərə Ermənistan tərəfindən raket hücumları, o cümlədən Azərbaycan torpaqlarının işğalı nəticəsində məcburi köçkn vəziyyətinə düşən 1 milyona yaxın Azərbaycanlının hüquqlarının pozulması ilə bağlı yerində araşdırma aparmaq, insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxaq təşkilatları Cenevrə konvensiyası çərçivəsində hərəkətə keçməyə çağırmaq, Türkiyədəki erməni vətəndaşlarının bu məsələ ilə bağlı hər hansı təzyiqə məruz qalmayacaqlarını ifadə etmək üçün alt komitənin qurulduğunu deyib.

Alt komitə üzvlərinin ötən müddət ərzində Azərbaycana səfər etdiyini deyən H.Çavuşoğlu Bakı, Gəncə, Tərtər və Bərdə şəhərlərində Ermənistan ordusunun hücumları zamanı şəhid olmuş mülki vətəndaşların yaxınları ilə görüşlərin keçirildiyini və rəsmi şəxslərdən məlumatlar alındığını bildirib: “İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu beynəlxalq hüququ davamlı şəkildə pozub. Ermənistan kasetli bombalar və fosforlu mərmilər kimi qadağan olunmuş silahlardan istifadə edib, məqsədli şəkildə mülki obyektləri və əhalinn olduğu yerləri, o cümlədən qəbiristanlıqları, məktəbləri, səhiyyə obyektlərini, elektrik, qaz və su xətləri kimi infrastruktur obyektlərini, maddi və mədəniyyət abidələrini hədəfə alıb”.

Bu hücumlar nəticəsində ümumilikdə 94 mülki vətəndaşın öldüyünü, 405-nin yaralandığını, 3326 evin, 504 mülki obyektin, 120 ədəd çoxmərtəbəli binanın dağıdıldığını deyən komitə sədri Ermənistanın bu addımının müharibə cinayəti olduğunu bəyan edib. O, Komitənin hesabatına əsasən Ermənistanı müharibəyə sürükləyən siyasi və hərbi rəhbərlərinin mülki vətəndaşalra qarşı həyata keçirdiyi müharibə cinayətlərinin Beynəlxalq Cinayət Məhkəməsi önünə çıxarılmasının və səbəb olduqları zərərə görə onlara həm də təzminat cəzası kəsilməsinin vacib olduğunu vurğulayıb. H.Çavuşoğlu bu cinayətlərə görə BMT Təhlükəsizlik Şurasının hərəkətə keçirilməsi üçün qurumun məsələ ilə bağlı xüsusi nümayəndə təyin etməsinin vacibliyini deyib.

Mission News Theme by Compete Themes.