Son yeniləmə: 16 Aprel 2021 11:39
Bayraqdar.info – “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sosial şəbəkələrdə plastik kartlar vasitəsilə aparılan bütün növ ödənişlərdən 18 faiz ƏDV-nin tutulması ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirərək bildirir ki, ölkənin vergi qanunvericiliyində hər hansı yeni dəyişiklik yoxdur, vətəndaşlar və vergi ödəyiciləri üçün əlavə vergi öhdəlikləri müəyyən edən hər hansı yeni müddəalar tətbiq edilməyib.”
Bu fikirlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumatda öz əksini tapıb. Məlumada deyilir ki, son günlər sosial şəbəkələrdə bəzi şəxslərin kartlarından böyük məbləğdə vəsaitin tutulmasına dair bildirişlər aldığı barədə xəbərlər yayılır. Həmin vətəndaşlar onlardan ötən dövrlərdə xarici ölkələrdən alınan xidmətlərə görə tutulmamış ƏDV məbləğlərinin tələb edildiyini bildirirlər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaranmış məsələyə aydınlıq gətirmək məqsədilə bildirir ki, qanunvericiliyin müddəalarına əsasən, vergi orqanlarında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında alınan xidmətlərə (işlərə) görə ödənilən məbləğdən ƏDV-nin tutulması vəzifəsi banklar tərəfindən icra olunur. Bu halda banklar vergi agenti kimi çıxış edərək həyata keçirilən hər bir tranzaksiya üçün verginin hesablanmasını və ödənilməsini həyata keçirir.
Plastik kartlar vasitəsilə nağdsız qaydada aparılan ödənişlər üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur.
Fiziki şəxslərin xaricdə yerləşən müəssisə və təşkilatlarla elektron ticarət qaydasında apardıqları aşağıdakı əməliyyatlar üzrə ödəmələrindən banklar tərəfindən ƏDV tutulmur:
xaricdən malların alınmasına görə ödəniş;
xaricdə otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlərə görə ödəniş;
fiziki olaraq xaricdə alınan (istehlak) edilən iş və xidmətə görə ödəniş.
Yayılan məlumatlarda qeyd olunan plastik kartlar vasitəsilə dövlət orqanlarının tətbiq etdiyi cərimə məbləğlərinə görə hesabdan 18 faiz ƏDV-nin tutulması ilə bağlı bildirirk ki, dövlət orqanlarına ödənilən cərimə məbləğlərinə ƏDV hesablanmır və tutulmur.
Eyni zamanda, ölkə daxilində fəaliyyət göstərən müəssisə və təşkilatlara plastik kart vasitəsilə nağdsız qaydada ödənilən məbləğlərdən əlavə olaraq ƏDV tutulmur. Belə ki, ölkədə fəaliyyət göstərən ƏDV ödəyicilərindən alınmış mal, iş və xidmətlər üçün hesablaşmalarda ƏDV məbləği son qiymətdə öz əksini tapır.
Göründüyü kimi, ölkə daxilində aparılan nağdsız ödənişlərdən hər hansı əlavə vergi tutulmur, əksinə, qanunvericilik nağdsız ödənişlər üzrə həm sahibkarlara, həm də vətəndaşlara müvafiq təşviqlər nəzərdə tutur. Pərakəndə ticarət və ictimai iaşə sektorunda çalışan sahibkarların dövriyyəsində POS-terminal vasitəsilə nağdsız qaydada əldə olunan gəlirin həcminə uyğun olaraq mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə güzəştlər tətbiq edilir.