Bayraqdar.info – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “İnklüziv teatr layihəsi” BMT-nın təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı – UNESCO tərəfindən “Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı” çərçivəsində qəbul edilib. Teatrdan verilən xəbərə görə, layihənin əsas məqsədi ölkədə eşitmə və nitq qabiliyyəti olmayan, sağlamlıq imkanları məhdud uşaqları, eləcə də yeniyetmə və gəncləri bədii yaradıcılığa cəlb etməkdən ibarətdir. Teatrın yaradıcı mütəxəssisləri sağlamlıq imkanları məhdud uşaqlara aktyor sənəti, rəqs, bədən dili və sair istiqamətlərdə məşğələlər keçəcək, sonda isə həmin uşaqların iştirakı ilə teatr tamaşası hazırlayacaqlar.
Bildirilir ki, layihənin rəhbəri Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. O, bu barədə daha geniş məlumat verib: “Ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı, sosial reabilitasiyası, onlara lazımi bacarıq və biliklərin aşılanması dövlətimiz üçün prioritet məsələlərdəndir. Son illər belə uşaqların sosial təminatı ilə bərabər onların bədii yaradıcılığa cəlb edilməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində də çoxsaylı layihələr həyata keçirilir. Teatrımız dəfələrlə belə layihələrin iştirakçısı və təşkilatçısı olub. Lakin çox təəssüf ki, eşitmə və nitq qabiliyyəti olmayan – sağlamlıq imkanları məhdud uşaqlar bəzi obyektiv səbəblərdən müəyyən layihələrdən kənarda qalır. Belə halları nəzərə alaraq bu kateqoriyadan olan uşaqları, yeniyetmə və gəncləri teatrın nəzdində yaradılan inklüziv teatr studiyası ətrafında birləşdirməyi qərara almışıq. Bu şəxslərin bədii yaradıcılığa cəlb olunmaları, teatr, rəqs, sirk və sair sənət növlərinə məxsus ifadə vasitələrinə yiyələnmələri, onların bədii zövqünün formalaşması, istedadlarının üzə çıxarılması, mənəvi dünyalarının zənginləşməsi üçün bizim studiyamız əvəzedilməz vasitə ola bilər. Məşqlər teatrımızın təcrübəli aktyorları tərəfindən keçiriləcəkdir”.
Qeyd edək ki, pandemiya ilə əlaqədar layihənin onlayn həyata keçirilməsi nəzərdə tutulur.