Bayraqdar.info – “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminatının və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir. Tədbirlər çərçivəsində mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bir bölməsində yenidənqurma işləri görülüb. Burada ərzaq məhsullarının qəbulu, saxlanılması və qoşunlara paylanılması üçün lazımi şərait yaradılıb.”
Bu açıqlamanı aprelin 15-də Müdafiə Nazirliyi yayıb.
Nazirlik bildirir ki, tez xarab olan ərzaqların saxlanılması üçün 200 tonluq soyuducu kamera, quru ərzaqların saxlanılması üçün ümumi tutumu 1 min ton olan saxlanc, kartof və tərəvəzlərin saxlanılması üçün isə ümumi tutumu 200 ton olan saxlanc və toxunulmaz ehtiyat ərzağının saxlanılması üçün 140 ton tutumu olan saxlanc binası mövcuddur.
“Bundan əlavə, ərazidə quru ərzaqların saxlanılması üçün soyutma sistemi ilə təchiz edilmiş 500 tonluq saxlanc binası və tez xarab olan ərzaqların saxlanılması üçün 200 tonluq saxlanc binası inşa edilib. Hazırda bu istiqamətdə fəaliyyətlər davam etdirilir”, – deyə nazirlik xəbər verir.