Press "Enter" to skip to content

Litva türk azlıqlara diqqət və qayğıyla yanaşır

Bayraqda.info – Litvada yaşayan azsaylı türkdilli xalqların tarixi, mədəni irsinin mühafizəsinə, araşdırılmasına xüsusi diqqətlə yanaşılır. Bunu Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva ilə görüşündə bildirib.

Fonddan verilən məlumata görə, görüş zamanı G.Əfəndiyeva türkdilli xalqların irsinin və mədəniyyətinin qorunması və dünyada tanıdılması məqsədilə həyata keçirilən layihələrdən, müasir zamanda pandemiya şəraitinə uyğun təşkil edilmiş konfrans və seminarlardan bəhs edib. O, həmçinin cari ilin fevral ayında Fond ilə Litvanın Azərbaycandakı səfirliyi arasında imzalanan Memorandumdan söz açıb. O, Litvanın Türk etnik kökənli azsaylı xalqlarının – tatarların və karaimlərin tarixinin, mədəniyyətinin qorunması və türk dünyasının zəngin irsinin daha da geniş şəkildə tanıdılması məqsədi daşıyan Memorandumun vacibliyini vurğulayıb.

Səfir Eqidius Navikas isə öz növbəsində Fondun fəaliyyətini yüksək qiymətləndirərək təşkilat tərəfindən görülən işlərə, həyata keçirilən layihələrə dəstək verəcəyini bildirib. Fond ilə Litva arasında Memorandumun imzalanmasından məmnunluq duyduğunu vurğulayan səfir təmsil etdiyi ölkə ilə təşkilata üzv və müşahidəçi olan dövlətlər arasında qarşılıqlı mədəni əlaqələrin olduğunu qeyd edib. Eqidius Navikas eyni zamanda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı səfirliyi arasında əməkdaşlığın uğurlu inkişafına inandığını deyib.

Görüşdə tərəflər arasında münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.