Press "Enter" to skip to content

Azərbaycan informasiya və diplomatik savaşın mövcud mərhələsində

Son yeniləmə: 15 Aprel 2021 11:00

Prezident İlham Əliyevin məharətli manevrləri ölkəmizin hər iki cəbhədə uğurlarını təmin edir

Müasir nəzəriyyələrə görə, mövcud müharibələrdə savaşın yalnız 30-40 faizi real döyüş meydanlarında, qalan 60-70 faizi isə diplomatiya və informasiya müstəvisində aparılır. Rəqəmlər, faiz bölgüsü üzərində mübahisə açmaq olar, amma bu, ümumilikdə ideyanın özünü inkar etmir. Təsadüfi deyil ki, XX əsrin sonu – XXI əsrin əvvəllərində mövcud olan müharibələr nəzəri baxımdan “hibrid müharibələr” kimi təsnif edilir. İndi münaqişə tərəfləri klassik hərbi müdaxilə formalarına nisbətən, daha çox, informasiya təxribatları, kiberhücum kombinasiyalarından istifadə edərək düşməni zəiflətməyə, özlərini haqlı kimi təqdim etməyə, sonda qalib gəlməyə çalışırlar.

Son 30 il müddətində Ermənistan və qlobal “erməni şəbəkəsi” tərəfindən Azərbaycana qarşı aparılan haqsız, təcavüzkar, işğalçı müharibədə də bənzər texnologiyalardan istifadə edilib; Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistan beynəlxalq havadarlarının yardımından istifadə edərək dünya ictimai rəyini çaşdırmğa, informasiya müstəvisində özünün “haqlı” obrazını yaratmağa çalışıb. Təəssüf ki, merkantil maraqlarını əsas tutaraq “insan haqları” mövzusunu manipulyasiya edən bəzi “beynəlxalq təşkilatlar”, “söz azadlığı” prinsiplərinə üzdə sadiqliyini bəyan edən bəzi transmilli media qurumları da erməni şəbəkəsinə bu yöndə alət olmuş, dəstək vermiş, Qarabağ münaqişəsinin səbəblərini yanlış təqdim etməklə, beynəlxalq ictimai rəydə çaşqınlıq yarada bilmişdilər.

Dünya ictimai rəyindəki çaşqınlıq münaqişənin ilk illərindən başlayaraq öz mənfi nəticələrini vermiş, Azərbaycanın haqlı mövqeyinin tanınmasını əngəlləmişdi. 1992-1993-cü illərdə suveren ərazisi, inzibati rayonları ard-arda işğal edilən Azərbaycan Respublikası, nə qədər ironik olsa da, özü sanksiyalara məruz qalmışdı. Erməni lobbisinin təşəbbüsü ilə 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına 907-ci düzəliş əlavə edilərək, Azərbaycana Amerikanın birbaşa dövlət yardımı yasaqlanmışdı. Bu sanksiyanı əsaslandırmaq üçün ironik səbəblər göstərilmiş, Azərbaycan tərəfindən Ermənistana qarşı blokadanın dayandırılması, “Qarabağın işğalı”na son qoyulması tələb edilmişdi. Bənzər mövqe bəzi beynəlxalq statuslu təşkilatlar tərəfindən də sərgilənmiş, “işğalçı” ilə “işğal olunan” arasındakı fərq az qala aradan qaldırılmışdı. “Qarabağ münaqişəsi”ni manipulyasiya obyektinə çevirən bir sıra beynəlxalq təşkilatlar mövzunu gündəmə gətirərkən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını deyil, daha çox “Dağlıq Qarabağın blokadada saxlanılmasını” qabardırdılar. Erməni şəbəkəsi informasiya texnologiyalarından faydalanaraq faktları manipulyasiya edir, son 30 ildə Azərbaycan və azərbaycanlılar haqqında beynəlxalq ictimai rəydə çoxsaylı yanlış stereotiplər formalaşdırırdı.

Müşfiq ƏLƏSGƏRLİ

27 sentyabr-10 noyabr 2020-ci il tarixləri aralığında davam etmiş, Azərbaycan üçün Vətən müharibəsi kimi tövsif olunmuş, qələbə ilə yekunlaşmış 44 günlük müharibə ölkənin 20 faiz torpağının işğaldan azad olunmasını təmin etməklə yanaşı, erməni şəbəkəsi tərəfindən 30 il müddətində qurulmuş yalançı təbliğatın, yanlış stereotiplərin dağıdılması baxımından da xarakterik oldu.

Dünya informasiya gündəmini, əsasən, transmilli media idarə etsə də, hər bir ölkənin milli media resursları etibarlı informasiya qaynağıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkənin informasiya məkanında son 2 il müddətində aparılan islahatlar, həyata keçirilən yeni informasiya strategiyası media mühitində şəffaflıq, obyektivlik, sistemlilik, operativlik məsələlərini həll etdiyi kimi, milli medianın milli maraqların müdafiəsi kontekstində səfərbər olunmasını da təşkil edə bilib. İndi ölkə mediasının fəaliyyəti cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulmaqla yanaşı, həm də ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılmasına yönəlib və bu sahədə də ciddi nailiyyətlər qazanılıb. 44 günlük müharibə dövründə Azərbaycanın milli mediası transmilli media orqanlarının mövzu üzrə informasiya manipulyasiyalarının qarşısının alınmasında əhəmiyyətli rol oynadı. Milli media cəbhə bölgəsində baş verənlərlə əlaqədar rəsmi mənbələrə istinadən informasiya yaydı, qeyri-rəsmi bilgilərin cəmiyyətdə möhkəmlənməsinin qarşısını aldı.

İnformasiya işinin idarə olunması sahəsində aparılmış islahatlar daha bir kontekstdə də özünü büruzə verdi. 44 günlük müharibə dövründə dövlət qurumları, xüsusən Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi informasiya işlərini peşəkar, operativ qurdu, düşmən tərəfindən yayılmış fikir və məlumatlara dərhal reaksiya verdi, hər hansı ideoloji təxribatın cavabsız qalması üçün Ermənistana şans tanımadı. Bu cəhət medianın informasiya ilə silahlandırılmasında müstəsna rol oynadı. Nəticə bu oldu ki, Azərbaycan mediası rəsmi mənbələrə istinad etməklə müharibə dövründə informasiya təxribatlarının qarşısının alınmasında əhəmiyyətli rol oynaya bildi. Sonucda xarici medianın da Azərbaycan mediasına istinad etdiyini gördük. Ordumuz, diplomatiyamız kimi mediamız da torpaqların işğaldan azad edilməsi uğrunda elan edilən səfərbərliyə uyğun yanaşma ortaya qoydu, istər yerli, istərsə də beynəlxalq ictimaiyyətə doğru, düzgün məlumatlar çatdırmaqla qələbənin əldə edilməsinə töhfələr verdi. Bu dövrdə milli media yüksək ovqat formalaşdırdı, ruh yüksəkliyini artırdı, düşmənin informasiya təxribatlarının qarşısını almaq üçün peşəkar mövqe sərgiləyə bildi. Xaricdən bütün bunları gördülər və dəyərləndirdilər. Transsərhəd medianın Azərbaycan milli mediasına istinadən yaydığı informasiyalar dünya ictimai rəyində Azərbaycanın haqq işi barədə düzgün təsəvvür formalaşmasına yardım etdi.

Transsərhəd media ilə iş

44 günlük Vətən müharibəsi dünya mediasının diqqət mərkəzində oldu. Peşəkar media qurumlarında, onlayn informasiya resurslarında yayımlanan həcmli və oxunaqlı məqalələrin axtarılıb tapılması üzrə ixtisaslaşmış internet axtarış alətləri, məxsusən, “Google scholar”a istinad edərkən bəlli olur ki, qeyd edilən 44 gün müddətində dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən media mövzuya xüsusi diqqət göstərib. Axtarışlar nəticəsində bəlli olur ki, 44 gün ərzində təqribən 189 transsərhəd media qurumu (Azərbaycan və Ermənistandan kənar) mövzunu işıqlandırıb, müharibəni müxtəlif kontekstlərdən şərh edib. Yayımlanmış məqalə və reportajların sayı isə 500-dən çoxdur. Bloqlarda, sosial şəbəkə platformalarında yayımlanan informasiyaların sayı da minlərlə ölçülür. Əlbəttə, zamanın keçməsi, təqvimin dəyişməsi, 44 günlük müharibə barədə yayımlanmış məqalələrin aktuallığının azalması, oxunaqlıq səviyyəsinin enməsi gələcəkdə internet axtarış sistemlərində əldə edilən nəticələri, rəqəmlərin kəmiyyətini də dəyişə bilər. Amma bu, ümumi mənzərəyə xələl gətirmir: axtarış nəticələri göstərir ki, dünyaca məhur bütün media 44 günlük müharibəyə diqqət yetirmiş, onu günün vacib mövzusu kimi aktual saxlamışlar.

44 günlük Vətən müharibəsini işıqlandıran 189 transsərhəd media qurumunun kəmiyyəti ilə yanaşı keyfiyyəti də diqqət çəkir. Qeyd edilməlidir ki, dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərib 44 günlük müharibəyə yer ayıran medianın bir qismi lokal səviyyəlidirsə, digər qismi, daha doğrusu, əksəriyyəti transmilli statuslu, dünya ictimai fikrində yer tutmuş mediadır. “Google scholar” göstərir ki, BBC, CNN, Deutsche Welle (DW), Washington Post, The New York Times, France 24, Reuters, The Guardian, Bloomberg, əl-Cəzirə, The Wall Street Journal, Euronews TV, TRT World, Russia Today (və digər) kimi dünyaca məşhur, qlobal ictimi rəy yaradıcıları olan transmilli media mövzunu gündəmdə saxlayıb.

Prezident İlham Əliyevin transmilli mediaya müsahibələri: Azərbaycanın mövqeyinin ideoloji əsaslandırılması

Transsərhəd medianın 44 günlük müharibə və sonrakı dövrdə fəaliyyətini dəyərləndirərkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın müxtəlif ölkələrinin aparıcı media vasitələrinə verdiyi müsahibələri xüsusi olaraq qeyd etmək lazım gəlir. Bu müsahibələr düşmənə qarşı ideoloji sipər rolunu oynayır; Qarabağ müharibəsi, onun tarixi kökləri, müasir mərhələsi, Azərbaycanın haqlı mövqeyi barədə dünya ictimaiyyətinə dolğun məlumat çatdırır. Dövlət başçımız müsahibələrində həm xarici, həm də daxili auditoriyaya vacib ismarıclar ötürür. Bu ismarıclar təkcə “Qarabağ münaqişəsi” kontekstində deyil, həm də, Azərbaycanın dünyada yeri, qonşularla münasibəti, reallaşdırdığı qlobal və regional layihələr, Cənubi Qafqaz regionunun perspektivinə baxış yönündə olur. Məsələn, Prezident İlham Əliyev 44 günlük müharibə dönəmində Fransanın “Figaro” qəzetinə müsahibəsində “Qarabağ münaqişəsi” ilə yanaşı, Azərbaycanın reallaşdırdığı enerji, nəqliyyat, internet kommunikasiya layihələri barədə ayrıntılı bilgilər verdi, bu layihələrin ümumilikdə regionun mənzərəsini dəyişdiyini qeyd etdi. Yaxud, Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində Prezident “Qarabağ münaqişəsi” ilə yanaşı Türkiyənin regionda rolu, əhəmiyyəti, Azərbaycan–Gürcüstan münasibətlərinin inkişaf tendensiyası barədə mühüm açıqlamalar verdi, yeni məlumatlar açıqladı. Digər müsahibələrdə də fərqli nüanslara aydınlıq gətirildi. Beləliklə, bu müsahibələrdə Azərbaycanın region və dünya üçün əhəmiyyəti bir daha açılmış oldu.

Prezident həmin müsahibələri ilə dünya mediasına, sanki yeni tezislər verdi. Bu yöndə nüanslara aydınlıq gətirilməsi üçün CNN-in “Amanpour” verilişinin aparıcı Kristian Amanpurun oktyabrın 23-də Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla müsahibəsinə diqqət yetirmək kifayətdir. Müsahibənin gedişində Amanpur Gəncənin atəşə tutulması, Ermənistanın işğalçılıq siyasəti barədə sərt suallar qaldırır, Mnatsakanyanı aciz duruma salır. Maraqlı odur ki, Kristian Amanpurun bu müsahibədə səsləndirdiyi fikirlər Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi çoxsaylı müsahibələrdən götürülmüş tezislərdən ibarətdir. Yəni, Prezidentin öz müsahibələrində səsləndirdiyi tezislər transmilli media olan CNN-in əməkdaşının dilindən səslənir. Müsahibəni dinləyərkən bu faktın qabarıq göründüyünü müşahidə etmək mümkündür. Aşkar görünürdü ki, Amanpur Prezident İlham Əliyevin bütün çıxışlarını izləyib, tezisləri qeydə alıb, həmin tezisləri suala çevirərək Zöhrab Mnatsakanyana ünvanlayır və onu çıxılmaz duruma salır.

44 gün müddətində Prezident İlham Əliyev dünyanca məşhur olan 30-dan çox media qurumuna masahibələr verdi. Proses bu gün də davam edir və uğurlu nəticələr verir.

Mission News Theme by Compete Themes.