Press "Enter" to skip to content

Güneyli milli fəal 3 milyon cərimə ödəyəcək

Son yeniləmə: 15 Aprel 2021 09:04

Bayraqdar.info – Güneyli gənc yazıçı və şair Hüseyn Rizqi Kəqal (Atilla Vilkan) 3 aylıq həbs cəzasına məhkum edilib. O, bundan əlavə 3 milyon tümən nağd cərimə ödəməlidir.

Qeyd edək ki, təbrizli mədəni fəal Hüseyn Rizqi ötən il oktyabrın 30-da Şərqi Azərbaycan əyalətinin Kəşfiyyat və İctimai Təhlükəsizlik Polisi tərəfindən çağırılaraq dindirilib.

Məmurlar dindirmə zamanı Hüseyn Rizqinin mobil telefonunu müsadirə etmişdilər.

O, bu il fevral ayının 3-də təhlükəsizlik və kəşfiyyat məmurlarının təqdimatı əsasında Təbrizin İnqilab Məhkəməsinin 2-ci şöbəsində “İran İslam Respublikasına müxalif qrupların xeyrinə, sistem əleyhinə təbliğat aparmaqda” ittiham edilib.

Hakim Rza Əbdinin başçılığı ilə keçirilən məhkəmə iclasında mədəni fəal “sosial şəbəkələrdə sistemi faşizm və milli zülmdə günahlandırmaq, siyasi məhkumların azadlığı tələbi ilə Təbrizin Sərdari bölgəsində təbliğat posterləri yapışdırmaq, etnik kitablar yaymaq və müxalif şəbəkələrdə paylaşmaq, müxalif televiziya kanalları, qrupları ilə əlaqə saxlamaq və onlara şeir göndərmək” ittihamları ilə 6 ay həbs cəzasına məhkum edilib.

İlkin məhkəmə iclasında çıxarılan qərara əsasən mədəni fəalın mobil telefonu və nömrəsi dövlətin xeyrinə müsadirə edilib.

Hüseyn Rizqinin məhkəmə qərarına etirazından sonra 13 mart 2021-ci il tarixində onun barəsində son qərar elan olunub.

Apelyasiya Məhkəməsi ibtidai məhkəmənin qərarını qüvvədə saxlasa da, mədəni fəalın öncələr məhkumluğunun olmamasını və gənc olmasını nəzərə alaraq həbs cəzasının iki il ertələnməsinə qərar verib.

Apelyasiya Məhkəməsi, “İslam Cəza Qanununun 38-ci maddəsinin “S”, 7-ci b bəndinə və Cəzanın Azaldılması Qanununun 6-cı maddəsinə istinadən, 3 ay həbs cəzasını üç milyon tümən nağd cərimə ilə dəyişdirib.

C.E.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.