Bayraqdar.info – “Uyğur İnsan Haqları Layihəsi (UHRP) ABŞ Senatına uyğur qaçqın böhranına yönəlik “Uyğur insan haqlarının qorunması Aktı”nın təqdim edilməsini alqışlayır.”
Bu açıqlamanı Vaşinqton mərkəzli uyğur insan haqları qurumu olan UHRP yayıb.
Qurumun icraçı direktoru Ömər Kanat deyib ki, bu qanunu dəstəkləmək uyğurların hazırda məruz qaldığı soyqırıma ciddi bir münasibət olacaq: “Əgər hökumətlər bu böhrana münasibətdə ciddidirsə, onlar yurd dışındakı uyğurların zorla Çinə qaytarılıb təqiblərə məruz qalmasını mümkünsüz edən belə tədbirlərə açıq olmalıdır”.
Yeni qanun uyğurların və digər türk xalqlarının ABŞ-da “öncəlikli qaçqın” kimi qəbul edilməsinə yol açacaq. Bu isə o deməkdir ki, təqiblərdən qaçan türk xalqları beynəlxalq alətlərə müraciət etmədən ABŞ-da yerləşmək üçün birbaşa müraciət edə biləcək.
Sözügedən qanun uyğurların durumunu bir qədər yüngülləşdirəcək. Çünki Çindəki zülm üzündən xaricə qaçmalı olan uyğurlar yenə də rahat buraxılmır. Çin onları orada da təqib edib geri almağa çalışır. Belə qanunlar qəbul edildikcə uyğurların qorunması da asanlaşacaq.