Press "Enter" to skip to content

Ya Zəngəzur, ya uzaq dur… – VİDEO

12 aprel 2021-ci ildə Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bəli, Hərbi Qənimətlər Parkı… Tam bir il bundan öncə, hətta 12-14 iyun 2020-ci ildən öncə, lap 26 sentyabr 2020-ci il tarixində Bakıdakı ünvanlardan danışıb, yazıb, 8 Noyabr prospekti, Hərbi Qənimətlər Parkı haqqında (xəyal, arzu-istək kateqoriyasında belə!) söz söyləmək, necə deyərlər, cəsarət tələb edərdi. Uzağa getmirəm: bu sətirlərin müəllifi “Ermənistanın qeyd-şərtsiz Təslim (kapitulyasiya) Aktı” layihəsini yazmış, 2020-ci il, avqustun əvvəllərində sosial şəbəkədə yayınlamışdı; o layihə bir neçə mətbu orqanda da tirajlanmışdı və reaksiyaları yaxşı xatırlayıram. – Qısa kəssək və yığcam cümlə ilə yazsaq, məni sadəlöhvlükdə, xalqın başının altına yastıq qoymaqda suçlayanlar oldu bir xeyli… (O layihəni xeyli partiya, QHT, KİV başqanına, deputata da göndrəmişdim)…

Deməm o ki 2020-nin apreli ilə 2021-in aprelini müqayisə etdiyimiz kimi, 2021-ci illə 2022-ci ili qiyaslamaq keçir könlümdən. Bilirsiz, bu müqayisədəki növbəti yüksəlişimizi təsəvvür etmək üçün ölkəmizin qüdrətini, dövlət-xalq birliyimizi, gənc nəslin vətənpərvərliyini, Ermənistan ordusunun belinin qırılmasını, Azərbaycanın Tarixi Zəfəri ilə yaranan yeni reallıqları və b. amilləri əsas alıram. Bununla da, sadəcə hadisələri izləməklə qalmayıb, hər kəsi uğurumuza öz bacarığı, qabiliyyəti, imkanı boyda və həcmdə uğur qatmağa çağırıram.

1 il sonra Xankəndindən, Zəngəzurdan keçərkən internet axtarış sistemlərində, bu yazını xoş bir təbəssümlə bularaq, oxuyub paylaşmaq ümidi, inamı ilə Azərbaycan Prezidentinin Hərbi Qənimətlər Parkının açılışından sonra hərbçilərlə görüşdəki çıxışından sitat gətirmək istəyirəm:

“İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”.

Müzəffər Ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışından bir gün sonra ADA Universitetində keçirilən “Güney Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış etdi. İki gün, iki mühüm tədbir, çıxışların hər ikisində verilən çox önəmli informasiyalar, ismarıclar! Ən ümumi şəkildə ifadə etsək, nələri fərqləndirmək olar?

Azərbaycan qalib ölkə olmanın qürurunu, necə deyərlər, ədaya, barışmazlığa, problemlərin həllindən qaçış vasitəsinə çevirmir. Tam tərsinə, qalib ləyaqəti göstərir, kişilik nümayiş etdirir! Aylar öncə “qalib” Ermənistanın nə hoqqalardan çıxdığını unutmamışıq. Yaxın tarix göstərdi ki Ermənistan nə müharibə, nə sülh ortamında davranmağı əsla bacarmır. Erməni cəmiyyəti 30 ilə yaxın saxta “qalib” ədasından əziyyət çəkirdi – gülə bilməyən adam misalı… İndi bizim sevinməyə haqqımız var, qürur halal haqqımızdır; region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin məsuliyyətli kilid ölkəsi kimi çıxış edirik; qalibiyyətimizi problemə deyil, şansa çeviririk: birgə yaşayış, beynəlxalq hüquq, mehriban qonşuluq, ədalətli sülh tərəfdarı olanlar bizim halal qalibiyyətimizin ədasını deyil, şans üzünü görür. İşğalçı cahillərlə azadlıq aşiqlərinin fərqi budur; bu, işğal mədəniyyətsizliyi ilə quruculuq mədəniyyətinin fərqidir; Azərbaycanla Ermənistan arasında Xeyirlə Şər misalı fərqin özüdür bu!

Dediklərimizin bir istiqaməti də Türkiyə ilə Ermənistan arasında sınırların açılması, kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlıdır. Vaxtı ilə məhz Türkiyədən olan və məhz Qarabağ mövzusunda yanar ürəklə yazan ustad Ozan Arif hayqırırdı: Ya Qarabağ ya ölüm! Başqa yolu yox artıq! Ustadın ruhuna alqışlarla onun sözlərini bugünümüz və dəhliz üçün bir balaca dəyişdirib yazmaq istərdim: Ya Zəngəzur, ya ölüm! Başqa yolu yox artıq! Məşhur deyimlə söyləsək, biz sevə və sevdiyimiz uğrunda ölə bilirik! Sevgili Zəngəzur uğrunda ölüm gözləmir bizi, bəlkə öldürmək gözləyir; qarşı tərəfdə ölmək istəməyən varsa, onlar da bizim cızdığımız xətlə getməli, bizim yaratdığımız yeni reallıqla barışmalı, Zəngəzur dəhlizinin çəkilişini quzu-quzu izləməlidir! Zəngəzur əcdadımızın yurdudur, uzaq olmayan tarixdə bizimdi və Ermənistana qeyri-qanunu, əsassız, haqsız şəkildə verilib. İndi Zəngəzur dəhlizi tarixə açılan dəhlizdir, həqiqətlərə açılan dəhlizdir, gələcəyə açılan dəhlizdir.

Dəhliz uğursuz dövlətə nə verər bilmirəm, ancaq uğursuz dövlətin ərazisində yaşayanlar üçün dolanışıq dəhlizi rolunu oynaya bilər (boş başlarının dibində, böyür-başında ağıl qırıntıları qalıbsa)…

Bəli, Azərbaycanda əlverişli biznes mühiti var, ölkənin iqtisadi reytinqləri yüksəkdir; bu mühit, bu yüksəklik yaxşı perspektiv vəd edir.

Bu yerdə bir masal-misal çəkim.

Bir azərbaycanlı, bir erməni, bir rus yol gedirmiş. Qarşılarına bir xeyirxah çıxır. Xeyirxahın könlünün xoş vaxtıymış, görür ortabab söhbət gedir, aranı bir azca canlandırmaq adına dillənir: “Diləyin məndən nə dilərsiz! Kim məndən nə istəsə, yanındakılara ondan ikisini verəcəm”. Necə deyərlər, əhdü-peyman bağlanır, hər kəs anlaşır, razılaşır. Rus həmən “vodka” deyib, alır bir “vodka”sını, bizimki və erməniyəsə adambaşına iki “vodka” çatır. Azərbaycanlı sorğuya “at” deyə cavab verir, rus və erməni hərəyə iki ata yiyələnir. Ermənisə bir az zaman istəyir ki, bəs fikirləşməliyəm. Fikirləşməz olsun ermənini, qayıdır ki bəs mənim bir gözümü çıxart. Bəli, bəli, gözümü çıxart..! İş danışıqdan keçər, erməninin bir, rus və bizimkinin hər iki gözü çıxarılır…

Bir də bizim ata sözlərimiz var – mədəni zənginliyimizin, milli xarakterimizin təcəllası:

-Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan;
-Xeyir dilə qonşuna, xeyir gələr başına;
-Qonşu muncuğunu götürən, onu ancaq gorda taxar;
-Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!

Başqa xalqlarda necə deyilir? – Bax, bu iki deyim ermənilərin boyuna biçilib elə bil:

-Paxıl adam elə bilər ki, qonşusunun ayağı sınsa, o daha yaxşı yeriyər (Danimarka atalar sözü);
-Yalnız özünü düşünən insan, yumurtasını bişirmək üçün qonşusunun evini yandırar (Frensis Bekon)…

Uzun sözün qısası, “qonşu” Ermənistanla Azərbaycanın əməkdaşlığının gələcəyi Ermənistanın siyasi-hərbi rəhbərliyinin davranışlarından asılıdır. – Asılıdır Ermənistanın özünün öz statusuna aydınlıq gətirməsindən: bu, nədir – dövlətdirsə, zəhmət çəksin, dövlət ciddiyyəti, ləyaqəti, dövlət xarakteri göstərsin; “fort-post”dursa, gedək yiyəsi ilə danışaq və yaxud özü buyursun yiyəsinin dediklərincə davransın; yox, əgər yalnızca bir quberniyadırsa, xub! – çəkilsin Zəngəzurdan, Göyçədən, İrəvandan, onu Üçkilsə səmtində ufacıq bir yerli özünüidarə qurumu kimi tanıyaq, bir dəhliz də ora çəkək…

Yoxsa, 44 günlük müharibə (müharibədən keçən aylar) erməni cəmiyyətini gerçəklikləri idraka vadar etməyibmi hələ?

Və nəhayət! “Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır.

“Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Yaşasın Azərbaycan!” – Dövlət başçısının bu sözlərindən daha uyğun sonluqmu var? – Zatən bu yazı cənab Prezidentin iki gün iki tədbirdə etdiyi çıxışlar əsasında hazırlanıb.

Dövlətimiz zaval görməsin!

Mission News Theme by Compete Themes.