Bayraqdar.info – Aprelin 14-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində eyni adlı batıra ucaldılmış heykəlin açılışı olub. Ölkə Prezidenti Sadır Caparov açılışı etdikdən sonra çıxış edib.
Xəbəri Qırğızstan Prezidentinin aparatından veriblər.
Prezident Sadır Caparov açılış nitqində ölkənin və xalqın tarixi, qəhrəmanlıqları haqqında danışıb.
Qeyd edək ki, Qırğızıstanın xalq qəhrəmanı Bişkek batır 18-ci yüzildə yaşamış və düşmənlərə qarşı dirənişi ilə ad çıxarmış tarixi şəxsiyyət olub. Bişkek batırın xarici işğalçılara qarşı vuruşduğu dillər əzbəridir. 1700-1755-ci illər arasında yaşamış və cunqarlara qarşı azadlıq savaşı aparmış Bişkek batırı Çin muzdluları öldürüb.
Aradan bu qədər müddət keçsə də Bişkek batır həmişə xalqın yaddaşında yaşayıb və hazırda Bişkekdə ucalmaqda olan abidənin hündürlüyü 3 metr, materialı bürüncdür. Yeni heykəl Çuy prospekti və Erkindik bulvarının kəsişməsi yaxınlığında ucaldılıb.
Onu da əlavə edək ki, açılış mərasimində ölkə Prezidenti ilə yanaşı bir sıra xadimlər, o cümlədən Bişkek batırın nəslindən olan Turqunalı Aripov da çıxış edib.