Press "Enter" to skip to content

Neftçala rayonu içməli suyla təmin ediləcək

Bayraqdar.info – “AzərSu” Açıq Səhmdar Cəmiyyəti Neftçala rayonunun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrində yeni layihənin icrasına başlayır. Layihə 12 yaşayış məntəqəsini – Mirqurbanlı, Həsənabad, Qoltuq, Uzunbabalı, Mirzəqurbanlı, Tatarməhlə, Abbaslı, Kürqarabucaq, Birinci Qaralı, İkinci Qaralı, Qədimkənd, Yuxarı Qaramanlı – əhatə edir. Bu barədə “AzərSu” ASC-dən məlumat verilib.

“İndiyədək bu yaşayış məntəqələrinin içməli su təchizatı modul tipli sutəmizləyici qurğular hesabına aparılırdı. Qlobal iqlim dəyişikilyi nəticəsində Kür çayında suyun azalması və Xəzər dənizi suyunun çay istiqamətində axması səbəbindən ilin isti dövrlərində həmin qurğuları xam su ilə təmin etmək mümkün olmur. Yeni layihəyə əsasən, rayonun 5 kəndini – Kürqarabucaq, Birinci Qaralı, İkinci Qaralı, Qədimkənd, Yuxarı Qaramanlı – içməli su ilə təmin etmək məqsədilə 450 mm diametrli polietilen borularla 11 km uzunluğunda magistral su kəmərinin tikintisi nəzərdə tutulub. Eyni zamanda yeni çəkiləcək magistraldan kəndlərdəki modul tipli sutəmizləyici qurğulara qədər 6 km paylayıcı su xətti çəkiləcək. Yaradılacaq yeni infrastruktur ötən il istismara verilmiş Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə çəkilmiş magistraldan içməli su ilə təmin olunacaq”, -deyə açıqlamada bildirilir.

Məlumatda qeyd edilir ki, Mirqurbanlı və Həsənabad kəndlərinin və Qoltuq məhəlləsinin su təminatı Neftçala şəhərinin şəbəkəsi hesabına həll ediləcək. Bu məqsədlə şəhər şəbəkəsindən həmin kəndlərə 5,7 km uzunluğunda yeni xətt inşa olunacaq.

Şirvan-Muğan qrup su kəmərindən Neftçalaya çəkilmiş magistral kəmərin marşrutu boyu yerləşən Uzunbabalı, Mirzəqurbanlı, Tatarməhlə və Abbaslı kəndlərinə isə içməli su birbaşa magistraldan veriləcək.

7 yaşayış məntəqələsində tikinti-quraşdırma işlərinin 45 günə, digər 5 kənddə isə 75 günə yekunlaşacağı planlaşıdırılır. Bu yaşayış məntəqələrinin 20 minə qədər sakini içməli su ilə təmin olunacaq. Rayonun digər kəndlərinin içməli su tələbatı isə müvəqqəti olaraq su daşıyan maşınlar hesabına təmin ediləcək. Maşınlarla daşınan su həmin yaşayış məntəqələrindəki mövcud modul tipli təmizləyici qurğuların təmiz su çənlərinə doldurularaq ümumi istifadə üçün quraşdırılmış bulaqlara ötürüləcək.

Məlumatda o da deyilir ki, Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına uyğun olaraq 2020-ci ilin iyun ayında Şirvan-Muğan su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmər və Salyan şəhəri yaxınlığında həcmi 7 min 500 kubmetr olan su anbarının tikintisinə başlanılıb. Elə həmin ilin noyabr ayından yeni kəmərdən Neftçala şəhərinə su verilib. Rayonun 38 kənd və qəsəbəsini içməli su ilə təmin edəcək ikinci magistral kəmərin tikintisi ilə rayonun içməli su problemi tam həllini tapacaq.

Mission News Theme by Compete Themes.