Press "Enter" to skip to content

Hərbi Qənimətlər Parkı – ədalətin zülm üzərində qələbə rəmzi

Bayraqdar.info – “Hərbi Qənimətlər Parkı ordumuzun qalibiyyət simvolu olmaqla yanaşı ədalətin zülm və haqsızlıq üzərində qələbə rəmzidir.”

Bu sözləri Respublika Veteranlar Təşkilatının mətbuat katibi Seymur Əliyev deyib.

“Şübhəsiz, Hərbi Qənimətlər Parkı hər şeydən öncə Azərbaycan ordusunun, onun Ali Baş Komandanının və Azərbaycan xalqının qəhrəmanlığından, qətiyyət və mübarizə əzmindən xəbər verir. Park və orada təqdim edilən eksponatlar bir daha göstərir ki, Azərbaycan xalqını məğlub, onun torpağını zəbt, gələcəyinə qəsd etmək mümkün deyil və buna cəhd edənlər bəribaşdan məğlubiyyətə məhkumdurlar. Bu Park ordumuzun qalibiyyət simvolu olmaqla yanaşı, həm də ədalətin zülm və haqsızlıq üzərində tarixi qələbə rəmzidir. O xeyrin şər, işığın qaranlıq üzərindəki zəfərini xarakterizə edir. Bu baxımdan Hərbi Qənimətlər Parkının rəmzi mənası və əhəmiyyəti olduqca böyükdür. Hazırda işğaldan azad edilmiş ərazilərdə basdırılmış minaların xəritəsini Azərbaycana vermək istəməyən, müxtəlif revanşist fikirlər səsləndirən Ermənistan Hərbi Qənimətlər Parkının mahiyyətini dərk etməli, bədxah niyyətlərinin onu necə ağır, rüsvayçı nəticə ilə üz-üzə qoyduğunu anlamalıdır. Ermənistan anlamalıdır ki, Azərbaycana yönəlik hər bir təxribat onun özü üçün faciəvi sonluq vəd edir və Hərbi Qənimətlər Parkı bu gerçəyin ən bariz nümunəsidir”, – deyə Seymur Əliyev bildirib.

Mission News Theme by Compete Themes.