Bayraqdar.info – Aprelin 14-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, açılış tədbirində qurumun rəis müavini, general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissənin fəaliyyətə başlaması münasibətilə DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.
Məlumatda bildirilir ki, yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, o cümlədən, xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxanaya, anbar, silah və texniki vasitələrə, avtomobil texnikasına baxış keçiriblər.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunub.