Press "Enter" to skip to content

Belarus Prezidenti: Bizim münasibətlərimizə heç bir pandemiya mane ola bilməz

Bayraqdar.info – Azərbaycan Prezidenti İlham Əliyevlə ölkəmizdə səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko arasında ikitərəfli təkbətək görüş keçirilir. Bu haqda xəbəri Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. Hələlik görüşün ayrıntıları haqda bilgi verilmir.

Belarus Prezidentinin mətbuat xidməti isə bir qədər geniş xəbər yayıb.

Azərbaycan Prezidentinin Zuğulbadakı iqamətgahında keçirilən görüş şəkil çəkdirməklə başlayıb. Protokol tələblərinin ardından tərəflər danışıqlar zalına daxil olub. Yeri gəlmişkən, Belarus Prezidenti bu il Azərbaycan Prezidentinin qəbul etdiyi ilk prezidentdir.

Xarici işlər nazirlərinin də qatıldığı dar çərçivəli görüşdə A.Lukaşenko qeyd edib ki, heç bir pandemiya Belarusla Azərbaycanın işbirliyinə mane ola bilməz.

“Yəqin ki, bizim bu görüşümüz baş verənlər – pandemiya və s. fonunda bir qədər fərqli görünəcək. Lakin əsl dostlar vaxtında edilməli işləri uzun müddətə təxirə salmazlar. Buna heç bir pandemiya da mane ola bilməz”, – deyə A.Lukaşenko bildirib.

Belarus Prezidenti qeyd edib ki, ölkələr arasındakı münasibətləri heç bir durum çətinləşdirə bilməz:
“Biz heç kimə mane olmuruq, heç kim də bizə mane olmur”.

Ötən bir ildə iki ölkə arasında ticarət dövriyəsinin yarım milyard dollara çatdığını deyən A.Lukaşenko qeyd edib ki, bu, dinamika baxımından yaxşı nəticədir.

“Siyasi münasibətlərə gəlincə, bizdə hansısa çatışmazlığın olduğunu demək çətindir. Bizim olduqca parlaq münasibətlərimiz var. Və mən bununla fəxr edirəm. Biz Sovet dönəmindən mövcud olan ən isti münasibətləri bütün istiqamətlər üzrə bərpa etmişik”, – deyə Belarus Prezidenti qeyd edib.

Belarus lideri öz çıxışında Azərbaycan Prezidentinə dəstək üçün təşəkkürünü də ifadə edib.

Azərbaycan Prezidenti də öz növbəsində iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini deyib.

“Bizim qarşılıqlı səfərlərimiz mütəmadi xarakter daşıyır. Bütün bunlar isə qarşılıqlı siyasi işbirliyimizdən, ölkələr arasındakı etibarın yüksəkliyindən və nəticələrə hədəflənməkdən xəbər verir. Bizim münasibətlərimiz hər cür problemdən azaddır. Bizim müntəzəm əlaqələrimiz edilənlərlə bağlı nəticə çıxarıb sonrakı addımları müəyyənləşdirməyə və iki dost, tərəfdaş kimi irəliləməyə imkan verir”, – deyə Azərbaycan Prezidenti bildirib.

Mission News Theme by Compete Themes.