Son yeniləmə: 14 Aprel 2021 14:39
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin baş naziri, hakim Ulusal Birlik Partiyasının (UBP) başqanı Ersan Saner baş nazirin müavini, maliyyə və enerji naziri Erhan Arıklını növbəti dəfə Yeniden Doğuş Partiyasının (YDP) başqanı seçilməsi münasibətilə təbrik edib. Partiyanın qurultayı aprelin 10-da Lefkoşa Atatürk İdman Salonunda keçirilib. Erhan Arıklı ilə baş katib Bertan Zaroğlu arasında gedən mübarizədə birinci qalib gələrək yenidən partiyanın rəhbəri vəzifəsinə seçilib.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Azərbaycana özəl münasibəti ilə tanınan Prof. Dr. Erhan Arıklı 1962-ci ildə Türkiyədə, Qarsın Ardahan ilçəsində anadan olub. 1975-ci ildə ailəsi ilə bilrikdə Kıbrısa köçən Arıklı 1985-ci ildə Ankara Üniversitetinin İlahiyyat fakültəsini bitirib. Daha sonra eyni ixtisas üzrə magistr dərəcəsi alan Arıklı 1997-ci ildə Uluslararası Girne Amerikan Üniversitetinin İşlətmə bölümündə “KKTC-də kiçik miqyaslı iş yerlərinin formalaşması” mövzusunda ikinci, 1999-cu ildə isə Azərbaycan Beynəlxalq Üniversitetində “Osmanlı dönəmində Azərbaycanın iqtisadi strukturu” mövzucunda üçüncü dəfə magistr dərəcəsi alıb. 1991-ci ildən etibarən KKTC-nin xaricdə tanıdılması üçün fəaliyyətlərə başlayan E.Arıklı 34 Türk dövlət və topluluğunda 100-dən çox toplantı keçirib. Türk tarixi və türk mədəniyyəti ilə bağlı çalışmalarına görə Çeçenistanın mərhum prezidenti Cövhər Dudayev tərəfindən yüksək dövlət mükafatına layiq görülən Arıklı 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstutitunda doktorluq dərəcəsi alıb.
Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycana özəl münasibəti ilə tanınan Arıklı 2005-ci ildə KKTC-nin Xarici İşlər nazirinin xüsusi nümayəndəsi kimi KKTC ilə Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərib. Daha sonra o, KKTC-nin Orta Asiya təmsilciliyinin rəhbəri təyin olunub. Onun həyata keçirdiyi səmərəli fəaliyyət nəticəsində Qırğızıstan Türkiyədən sonra KKTC ilə ən yaxşı əlaqələrə malik olan ikinci ölkə olub. Qırğızıstandakı rəsmi vəzifəsi başa çatandan sonra Qırğızıstan Dövlət Arabayev Üniversitetində professor heyətinə seçilən Arıklı orada Türkologiya bölümünü qurub və Teologiya fakültəsində dərs deyib. KKTC-də və Türkiyədə müxtəlif qəzet və jurnallarda köşə yazıları yazan Erhan Arıklı 2017-ci ildə Yeniden Doğuş Partiyasını quraraq onun başqanı olub.