Press "Enter" to skip to content

ATƏT Minsk Qrupunun “biz də varıq” bəyanatına sözardı

Azər HƏSRƏT

Son yeniləmə: 14 Aprel 2021 15:49

Xəbər verdiyimiz kimi aprelin 13-də ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrləri “Dağlıq Qarabağ” məsələsilə bağlı birgə bəyanatla çıxış etmişdi. Bəyanatda ümumilikdə proseslərin müsbət tərəfləri vurğulansa da bəzi yanlış yanaşmalar da yox deyildi. Lakin sözümüz onda deyil.

Sözümüz ondadır ki, ATƏT MQ prosesin bu mərhələsində heç bir zərurət olmadan nədən belə bir bəyanatla çıxış edir? Hər kəsə – bütün dünyaya bəllidir ki, münaqişə bitib, tərəflər arasında kommunikasiya var, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Ermənistan da bununla barışıb. Yəni üçüncü tərəfin vasitəçiliyinə ehtiyac da, demək olar ki, aradan qalxmış sayıla bilər.

Hələ biz nəzərə alaq ki, mövcudluğu dönəmində ATƏT MQ heç bir nəticə əldə edə bilməyib və bundan sonrakı mərhələdə də nəsə edə biləcəyini heç kim deyə bilməz. Ona görə də biz MQ-nun 13 aprel əməlini “biz də varıq” bəyanatı kimi dəyərləndirmişdik.

Dediyimiz kimi, bu üçlü mövcudluğu dövründə heç bir nəticə əldə edə bilməyib. Yalnız bölgəyə səfərlər edib yaxşıca yeyib-içməklə məşğul olublar. Bunu biz demirik. Elə keçmiş həmsədrlərdən biri, ABŞ təmsilçisi Riçard Hoqland deyir. O, bu yaxınlarda mediada geniş yayılmış müsahibəsində açıq etiraf edir ki, onların işi yeyib-içmək, arabir varlıqlarını yada salmaq olub: “Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam, çox-çox az iş görülürdü”. Bunu R.Hoqland deməsə belə biz də yaxşı bilirik və illərdir hətta beynəlxalq platformalarda da dilə gətiririk.

“Biz də varıq” bəyanatında diqqət çəkən başqa məqamlar da az deyil. Örnək üçün, mədəni və dini abidələrin taleyindən narahatdır guya bunlar. Doğrudanmı? Bəs illərdir hardaydınız? Hətta bir vaxtlar ATƏT-in Faktaraşdırıcı Missiyası işğal olunmuş ərazilərə səfər edib mədəni abidələrin dağıdıldığını təsdiqləmişdi də. Bəs onda niyə bu həmsədr ölkələrin səsi çıxmadı? Olmazdı ki, bu MQ-nun həmsədrləri bir bəyanat verib erməni vandalizminə münasibət bildirsin?

Hə, bu arada diqqət çəkən məqamlardan biri də nədir? Elə həmin Riçard Hoqlandın sözüylə desək, MQ həmsədr ölkələrini burada təmsil edənlər adətən məsələdən uzaq, daha irəli getmək istəyənlər olublar. R.Hoqland: “…yəni diplomatlar bu vəzifədə adətən daha yüksək vəzifəyə gedənədək vaxt keçirirlər”.

Əslinə qalanda bu bəyanat həm də Ermənistana qahmar çıxmağın təzahürüdür. Mümkündür ki, əsl məqsəd Ermənistanı dəstəkləmək yox, sadəcə Azərbaycana əlavə basqı üçün şərait yaratmaqdır. Amma bunlar bir şeyi unudurlar ki, Azərbaycan nə illər öncəsi, nə də indi belə basqılardan çəkinməyib, bundan sonra da çəkinən deyil.

Maraqlıdır ki, bəyanata Rusiya təmsilçisi də imza atıb. Ki, onun ölkəsi artıq ötən ilin 10 noyabrından başlayaraq bölgədə sülhməramlılarla təmsil olunur. Ki, həmin Rusiya hamıdan yaxşı bilir ki, münaqişə bitib, sülhyaratma mərhələsi başlayıb, Ermənistan Azərbaycanla birbaşa təmasdadır və üçüncü-vasitəçi olmadan da bundan sonrakı mərhələni idarə etmək olar. Yəni MQ həmsədrləri bundan sonra ümumiyyətlə prosesə müdaxilə etməsə işin xeyrinə olardı…

Ümumiyyətlə isə, bu bəyanat bizi bir qədər dərindən düşünməyə sövq edir. Niyə ATƏT MQ-na bu illər ərzində yalnız üç xristian ölkəsi həmsədrlik edir? Niyə həmin qrupun qurucu üzvlərindən olan Türkiyə də həmsədr deyil? Onsuz da bu bölgədə real gücə və keçərli sözə sahib olan ölkə Türkiyədir. Yəni istənilən məsələnin həllində Türkiyənin həlledici rolu danılmazdır. Əgər doğrudan da həlli vacib məsələlər varsa, qoy elə Türkiyə bu işlərlə məşğul olsun.

Lap elə ATƏT MQ-da həmsədrlik rotasiya ilə olsun. Örnək üçün, indiki mərhələdə ABŞ, Rusiya və Fransa həmsədrlikdən çəkilsin, yerinə Türkiyə, Belarus və Finlandiya gəlsin. Bu üç ölkə bundan sonrakı mərhələdə qarşılıqlı etimadın bərpası, dayanıqlı sülhü təminat altına alacaq sülh müqaviləsinin bağlanması işinə ciddi töhfə verə bilər. Bu arada onu da qeyd edək ki, adı çəkilən ölkələrdən Türkiyənin Azərbaycanla yaxınlığı sirr deyil. Eyni qaydada Belarus da Ermənistanla Kollketiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Finlandiya isə hər iki tərəfə bərabər məsafədədir. Belə olarsa ədalətli münasibət də mümkündür. Yoxsa indiki halda həmsədrlərin demək olar ki, hər üçü Ermənistana rəğbəti olan dövlətlərdir…

Mission News Theme by Compete Themes.