Press "Enter" to skip to content

ATƏT-in MQ həmsədrlərindən “biz də varıq” bəyanatı

Bayraqdar.info – ATƏT Minsk Qrupunun həmsədri olan üç ölkənin təmsilçiləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryü Şofer (ABŞ) aprelin 13-də birgə bəyanatla çıxış edib.

ATƏT-in yaydığı bəyanat mətnində qeyd edilir ki, həmsədrlər 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanata uyğun olaraq atəşkəs rejiminə əməl edilməsindən razı qalıblar.

Həmsədrlər həlak olanların qalıqlarının geri qaytarılması, həmçinin qaçqınların evlərinə dönməsinin gedişindən də razıdırlar. Bölgədə kommunikasiyaların bərpası istiqamətində atılan addımlardan da razı qalan həmsədrlər humanitar yardımların çatdırılmasını da məmnunluqla qarşılayır.

Eyni zamanda qeyd edilir ki, narahatlıq doğuran digər məsələlərin həlli və uzun müddətli sülhə nail olmaq üçün əlavə cəhdlərə gərək var.

Belə digər məsələlər arasında həmsədrlər bütün “müharibə əsirləri”nin qaytarılmasını, minaların yerləşdirilməsini əks etdirən bilgilərin təmin olunmasını, beynəlxalq qurumların təmsilçiləri də daxil olmaqla arzu edənlərin Qarabağa səfərlərinə tətbiq edilən əngəllərin ləğvi zərurətini qeyd edir. Eyni zamanda dini və mədəni mirasın qorunması, icmalar arasında əlaqələrin qurulması vacibliyi qeyd edilir.

Həmsədrlər bütün məsələləri diqqətə alaraq belə qənaətə gəliblər ki, problemin kökündən və dayanıqlı şəkildə sona çatdırılması üçün tərəflərə yaxşı bəlli olan prinsiplər əsasında çözüm vacibdir.

Buna görə də həmsədrlər tərəfləri yüksək səviyyəli siyasi dialoqu bərpa etməyə çağırır.

Həmsədrlər bəyanatda ATƏT sədrinin şəxsi nümayəndəsinin, eləcə də özlərinin bölgəyə səfərlərini bərpa edib danışıqlar prosesini davam etdirəməyə çağırış edirlər.

Bayraqdar.info: Belə anlaşılır ki, münaqişənin demək olar ki, tam olaraq başa çatdığı bir şəraitdə həmsdərlər özlərinin bir işə yaramadıqlarının fərqinə varıblar və “biz də varıq” deyib baş qatmaq fikrinə düşüblər. Açığı, bu vaxta qədər münaqişənin həllinə hər hansı töhfə verməyən həmsədrlərin bundan sonra nə edə biləcəkləri sualına cavab vermək asan deyil. Əslində asandır: onlar necə ki, bu vaxta qədər heç bir işə yaramayıblar, bundan sonra da yaramayacaqları şübhəsizdir…

Mission News Theme by Compete Themes.