Bayraqdar.info – Türkiyənin “Vetal Hayvan Sağlamlığı Ürünleri” şirkətinin ixtisaslı nümayəndələri və İstanbul Universitetinin Sağlamlıq elmləri üzrə mikrobioloq-professoru Mustafa Hasöksüz Azərbaycandadır. Onlar bura Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) dəvəti ilə yerli baytarlara təlim keçməyə gəliblər. Bu barədə aprelin 13-də Kənd Təsərrüfatı Nazirliyi xəbər yayıb.
Nazirliyin açıqlamasında göstərilir ki, təlimlərin keçirilməsində məqsəd Türkiyədən alınmış baytarlıq preparatlarının heyvanlarda tətbiqinə dair müasir peyvəndləmə üsulları barədə bilgilər verməkdir.
Tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev və “Vetal Hayvan Sağlamlığı Ürünleri” şirkətinin rəhbəri Abdullah Tutak çıxış edib.
“Təlim iştirakçılarına “Qarayara (34F2 ştammı) və nodulyar dermatit xəstəliklərinə qarşı peyvənd vasitələrinin (Neetling ştammı) yaranma tarixi və təsnifatı”, həmçinin “Müasir profilaktik peyvəndləmə üsulları”, “Genetik olaraq hazırlanmış və rekombinant peyvəndlər”, “Canlı və inaktiv peyvəndlərin tətbiqi” və “Heyvanların bəslənməsində müasir texnologiyalar” mövzularında bilgi verilib. Təlimlərdə baytarlarla fikir mübadiləsi, həmçinin gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb”, – deyə nazirliyin açıqlamasında bildirilir. Həmçinin, təlimdə 64 ayrı rayonun baytarlıq idarəsinin mütəxəssislərinin iştirak etdiyi xəbər verilir.