Bayraqdar.info – Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin verdiyi məlumata görə, nazir Ceyhun Bayramov aprelin 13-də Rumıniyanın Azərbaycandakı səfiri Dan Yancunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
“Görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən razılıq ifadə olunub. Tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə, o cümlədən enerji və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. Pandemiya ilə bağlı məhdudiyyətlər aradan qalxdıqdan sonra hərtərəfli əməkdaşlığın uğurla davam etdiriləcəyindən əminlik ifadə olunub”, – deyə məlumatda bildirilir.
Ceyhun Bayramov Rumıniyanın Azərbaycanla strateji tərəfdaşlıq sazişu imzalamış ilk Avropa ölkəsi olduğunu diqqətə çatdıraraq bu ölkəylə əlaqələrin önəmini vurğulayıb.
Diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün göstərilən dəstəyə görə təşəkkürünü bildirən səfir Dan Yancu bu müddət ərzindi bir sıra tarixi hadisələrə şahidlik etdiyini xatırladıb. O, hazırda Azərbaycan üçün yeni bir dönəmin başlandığını qeyd edib.
Sonda nazir Ceyhun Bayramov səfirə bundan sonrakı işlərində uğurlar diləyib.