Son yeniləmə: 13 Aprel 2021 17:45
Bayraqdar.info – İran televiziyası Təbrizin “Traxtur” futbol klubunun Asiya Çempionlar Liqasında keçirəcəyi oyunları yayınlamaq istəmir.
Bununla bağlı Şərqi Azərbaycan Futbol Federasiyası İdarə Heyətinin sədri Cavad Şeşgilani İran Radio və Televiziya verilişlərinin rəhbərinə məktub göndərib.
Cavad Şeşgilani “Traxtur” futbol komandasının oyunlarının İran televiziyasının üçüncü kanalından yayımlanmasını istəyib.
Məktubda “Traxtur”un ölkə daxilində və xaricində çoxsaylı azarkeşlərinin olduğunu vurğulayan Cavad Şeşgilani bildirib ki, klubun Asiya Çempionlar Liqasındakı oyunlarının televiziyanın üçüncü kanalında yayımlanması vacibdir.
Tehranın “İstiqlal” və “Piruzi” futbol komandalarının oyunlarının televiziyanın 3-cü kanalından yayınlanacağına diqqət çəkən Şeşgilani bildirib ki, “Traxtur”un oyunları da bu kanaldan yayınlanmalıdır.
Asiya Çempionlar Liqasının BƏƏ-nin Şarja şəhərində “B” qrupunun yarışları aprelin 14-də Təbrizin “Traxtur” və Özbəkistanın “Paxtakor” komandaları arasında axşam saatlarında keçiriləcək.
“Traxtor” 17 və 20 aprel tarixlərində sıra ilə BƏƏ-nin “Şarja” və İraqın “İraq Hava Qüvvələri” komandaları ilə qarşılaşacaq.
“Traxtur”un oyunlarının televiziyanın üçüncü kanalında yayınlanmaması azarkeşlərin də etirazına səbəb olub. “Traxtur” azarkeşləri sosial şəbəkələrdə narazılıqlarını ifadə ediblər.
Azarkeşlər Asiya Futbol Konfederasiyasının (AFC) keçirdiyi reytinq sorğusunda “Traxtur”un ən populyar komanda seçildiyini vurğulayıb, bu komandanın Asiya Çempionlar Liqasında keçirəcəyi qarşılaşmaların dövlət televiziyası ilə yayınlanmasını tələb ediblər.
C.E
Qaynaq: GünAz.TV