Press "Enter" to skip to content

Ermənistanın hüquqa zidd addımları Meksika radiosunun efirində

Son yeniləmə: 13 Aprel 2021 12:39

Meksika radiosunda Qarabağda aparılan yenidənqurma işləri və məcburi köçkünlərin geri qayıtması üçün mövcud olan maneələr haqda danışılıb

Bayraqdar.info – “Regionda davamlı sülhün əldə edilməsi üçün Ermənistan rəhbərliyi təcavüzkar siyasətdən əl çəkməlidir.”

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov bu ölkənin nüfuzlu ABC radiosuna müsahibəsində belə deyib.

Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən verilən məlumata görə, səfir müsahibəsi zamanı işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın apardığı yenidənqurma işləri və məcburi köçkünlərimizin geri qayıtması üçün mövcud olan maneələr haqda ətraflı danışıb.

Proqramda məcburi köçkünlərin öz evlərinə qayıtmasının hazırda Azərbaycan hökumətinin ən vacib prioritetlərindən biri olduğu bildirilib. Bu məqsədlə bölgədə geniş miqyaslı bərpa və yenidənqurma işlərinə, bu xüsusda avtomobil yolları, hava limanları və digər infrastruktur layihələrinin inşasına başlandığı qeyd olunub. Bununla belə, azərbaycanlı məcburi köçkünlərin qısa zamanda geri qayıtması üçün ciddi maneələrin olduğu, bu xüsusda işğaldan azad edilmiş ərazilərin son 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən tamamilə dağıdıldığı, buradakı yaşayış infrastrukturu və Azərbaycana aid tarixi-mədəni irsin məhv edildiyi də vurğulanıb.

Eyni zamanda, Ermənistanın vaxtilə işğalda saxladığı ərazilərimizdə kütləvi minalama işləri apardığı, Azərbaycanın burada son bir neçə ayda yüzlərlə kilometr boyunca xeyli sayda mina zərərsizləşdirdiyinə baxmayaraq, mütəmadi mina partlayışlarının bölgədəki hərbçilər və mülki vətəndaşlarımız arasında çoxsaylı itkilərə səbəb olduğu bildirilib. Qeyd lunub ki, Ermənistan tərəfi hazırda öz beynəlxalq öhdəliklərinə zidd olaraq bu minaların yerləşmə xəritəsini verməkdən imtina edir və bu da buradakı insanların həyatını daim təhlükədə saxlamaqla yanaşı, bölgədə yenidənqurma işlərinin aparılmasına ciddi əngəl yaranır.

Sonda Meksikanın Ermənistan-Azərbaycan münaqişəsi davam etdiyi müddətdə hər zaman beynəlxaq hüquqa və müvafiq BMT qətnamələrinə tərəfdar olduğu üçün təşəkkür ifadə edilib.

Mission News Theme by Compete Themes.