Press "Enter" to skip to content

Bir ildə mindən artıq jurnalist ölüb

COVID-19 qurbanları məzarlığı

Son yeniləmə: 13 Aprel 2021 14:54

Bayraqdar.info – Bu haqda xəbəri İsveçrədə yerləşən Press Emblem Capmaign adlı beynəlxalq təşkilat yayıb.

Qurumdan daxil olan xəbərdə deyilir ki, 2020-ci il martın 1-dən 2021-ci il aprelin 10-dək olan müddət ərzində dünyanın 73 ölkəsində 1 min 60 nəfər jurnalist COVID19 səbəbindən dünyasını dəyişib. Bu isə orta hesabla hər gün ortalama 2-3 jurnalistin ölməsi deməkdir.

Qurumun açıqlamasında deyilir ki, 2021-ci ilin martı ölüm sayı baxımından daha fərqli olub. Bu ay ərzində 93 jurnalist dünyasını dəyişib.

Qurumdan onu da bildiriblər ki, cari ilin martı üçün COVID19-dan ölən jurnalistlərin yaş həddi nisbətən aşağı düşüb: 40-60 yaş arası.

Bütün dünyada COVID19 səbəbindən ölən jurnalistlərin yarıdan çoxu Latın Amerikasının payına düşür. Burada Braziliya başda olmaqla ümumilikdə 19 ölkədə 611 jurnalist dünyasını dəyişib.

Asiyanın 17 ölkəsində isə 183 ölüm qeydə alınıb. Bunun ardınca Türkiyə və Rusiya da daxil olmaqla Avropanın 19 ölkəsi gəlir ki, burada ölənlərin sayı 167 nəfər təşkil edir. Afrikanın 16 ölkəsində 52, Quzey Amerikada – ABŞ və Kanadada birlikdə 47 jurnalist COVID19-un qurbanı olub.

Bu xəstəlikdən ən çox jurnalistin öldüyü ölkə Braziliyadır. Qeyd olunan dövrdə bu ölkədə 172 jurnalist ölüb. Peruda 138, Meksikada isə 93 jurnalist COVID19-a yenik düşüb. Hindistanda 63, İtaliyada 51 jurnalistin ölümüylə siyahı davam edir. Sonrakı yerlərdə Banqladeş – 48, ABŞ – 46, Ekvador – 45, Kolumbiya – 40, Böyük Britaniya – 28 və s. Qardaş Pakistanda 25, Türkiyədə isə 22 jurnalistin ölümü qeydə alınıb.

Siyahıda Azərbaycanın adı ən azı 1 jurnalistin öldüyü ölkələr arasındadır.

Qurum onu da vurğulayıb ki, təqdim edilən siyahı tam deyil. Çünki bir sıra hallarda jurnalistlərin COVID19-dan ölməsi haqqında bilgi ictimailəşdirilmir.

Müqayisə üçün deyək ki, 1992-ci ildən günümüzə qədər – 29 il ərzində dünyanın müxtəlif guşələrində aşağı-yuxarı min nəfər (müxtəlif təşkilatlar fərqli rəqəmlər bəyan edir) jurnalist öldürülüb…

Mission News Theme by Compete Themes.