Son yeniləmə: 13 Aprel 2021 18:10
Bayraqdar.info – 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi qərara alınıb. Bununla əlaqədar olaraq ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu il mayın 1-dən 5-dək dövlət sərhədinin buraxılış məntəqələrindən sadələşdirilmiş viza ala bilərlər.
Bu barədə aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
President.az saytında dərc edilmiş sərəncamda göstərilir ki, oyunların təşkili və keçirilməsi ilə bağlı ölkəmizdə əmək fəaliyyətinə cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.
Sərəncamda bildirilir ki, bu sənədlərdən biri viza üçün əsas hesab edilir:
1. Oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assoosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;
2. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) akkreditasiya kartı və ya digər sənəd;
3. Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlığı və həmin ölkələrdə vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və biletin əldə olunmasını təsdiq edən sənəd.
Sərəncamdan irəli gələrək Azərbaycan Xarici İşlər Nazirliyi oyunlarla əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının asanlaşdırılması məqsədilə “Asan Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatı UEFA və xarici ölkələrin müvafiq orqanlarına, həmçinin nazirliyin, xarici ölkələrdəki səfirliklərin və konsulluqların internet informasiya ehtiyatlarında yerləşdiriməsini təmin etməsi nəzərdə tutulur.
Sərəncamda o da göstərilir ki, Azərbaycan Dövlət Miqrasiya Xidməti ölkəmizə uçuş həyata keçirən aviasiya şirkətlərinə oyunlarla əlaqədar viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.