Bayraqdar.info – Özbəkistan Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyinin direktoru Uluqbek Muxammadiyev Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi, həmçinin sosial innovasiyalar və startaplar sahəsində Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib. O, müvafiq sahələr üzrə Azərbaycanın qabaqcıl təcrübəsinin Özbəkistan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, Özbəkistan Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyinin direktoru Uluqbek Muxammadiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 7-10 aprel 2021-ci il tarixində ölkəmizə səfər edib. Səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyi arasında 2019-cu ildə imzalanmış Anlaşma Memorandumunun tətbiqi çərçivəsində ASAN xidmət mərkəzlərinin fəaliyyəti və rəqəmsal hökumət çərçivəsində görülmüş işlər, eləcə də Dövlət Agentliyi tərəfindən həyata keçirilməkdə olan digər layihələrlə yaxından tanış olmaqdır.
Dövlət Agentliyindən verilən məlumata görə, Anlaşma Memorandumunun məqsədi Özbəkistanda mövcud olan dövlət xidmətləri mərkəzlərinin fəaliyyətinin Azərbaycanın ASAN xidmət modeli əsasında təkmilləşdirilməsidir.
Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə Uluqbek Muxammadiyev arasında görüş baş tutub. Görüşdə tərəflər arasında imzalanmış Anlaşma Memorandumun icrası çərçivəsində Özbəkistan Respublikası Dövlət Xidmətləri Agentliyinin xidmət mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi, həmin xidmət mərkəzlərinin əməkdaşlarına ASAN xidmətin ekspertləri tərəfindən müxtəlif mövzular üzrə təlimlərin keçilməsi, habelə startaplar, sosial innovasiyalar, rəqəmsallaşma sahəsində ölkəmizin təcrübəsinin Özbəkistan tərəfinə ötürülməsi məsələləri müzakirə edilib.
Səfər zamanı qonaqlara Dövlət Agentliyinin struktur bölmələri, eləcə də “Elektron Hökumətin İnkişafı Mərkəzi”, “ABAD” publik hüquqi şəxs və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndələri tərəfindən geniş təqdimatlar edilib. Həmçinin Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib.
Səfər proqramı ərzində Özbəkistan nümayəndə heyəti Şamaxı “ASAN Həyat” kompleksinin fəaliyyəti ilə də tanış olub.