Son yeniləmə: 12 Aprel 2021 20:45
Bayraqdar.info – “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, “Mozalan” satirik kinojurnalı uzun bir fasilədən sonra, 50 illik yubileyi ərəfəsində aprel ayından başlayaraq yenidən yayımlanacaq.
Telekanaldan bildirilib ki, bu ilin əvvəlində Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə “Mozalan”ı yenidən dirçəltmək barədə qərar qəbul olunub. “İlkin mərhələdə “Mozalan” studiyasında son 5 ildə çəkilən və heç bir televiziyada göstərilməyən çarxlar nümayiş olunacaq. Bu buraxılışların aprel və may aylarında yayımlanması nəzərdə tutulub. Paralel olaraq, iki ay ərzində yeni çarxların çəkilişləri də aparılacaq. Yeni çarxlar Mədəniyyət Nazirliyinin və AzTV-nin birgə layihəsi əsasında çəkiləcək. İlkin mərhələdə çəkiləcək 8 tənqidi videoçarxın senari müəllifi və redaktoru İlqar Fəhmi, “Mozalan” studiyası tərəfindən yaradıcı heyətin rəhbəri isə Əlisəttar Quliyevdir. Gələcəkdə çəkilişlərə başqa ssenaristlərin də cəlb olunması planlaşdırılır. “Mozalan”nın ənənəsinə uyğun olaraq çarxların rejissorları da dəyişəcək”, – deyə telekanal xəbər verir.
“Mozalan”nın ilk buraxılışı aprelin 12-də saat 21:30-da yayımlanacaq.
Açıqlamada o da qeyd edilir ki, “Mozalan” satirik kinojurnalı “Azərbaycanfilm” kinostudiyasının nəzdində 1971-ci ildə yaradılıb. Kinojurnalın məqsədi neqativ hallara qarşı mübarizə aparmaq, ictimai çatışmazlıqları satira dili ilə xalqa çatdırmaq olub. “Sənədli süjetlərdə bir anda müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı əyər-əskikləri lentə almaq, bütün ölkəni xəbərdar etmək mozalançıların əsas iş üsullarından olub”, – deyə açıqlamada xatırladılır.