Bayraqdar.info – Təbrizdə Güney Azərbaycanlı milli mədəni fəal Səccad Sidqi aprelin 7-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq İran İslam İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat təcridxanasına aparılıb.
Məlumatlı mənbənin Günaz-TV-yə verdiyi xəbərə görə, güneyli milli-mədəni fəal ETTELAAT məmurlarının qanunsuz telefon çağırışlarına əhəmiyyət vermədiyi üçün saxlanılıb.
Səccad Sidqi təcridxanada döyülüb. Dindirildikdən sonra Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüb.
Milli fəal Təbriz həbsxanasında 3 gün saxlanıldıqdan sonra şəhərin İnqilab Məhkəməsinin 12-ci bölməsinin verdiyi qərara əsasən 100 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılıb.
Səccad Sidqi 2019-cü ilin noyabr ayında saxlanılaraq iki gün dindirildikdən sonra müvəqqəti olaraq buraxılmışdı. Təhlükəsizlik məmurları onu telefon zənglərinə cavab vermədiyi təqdirdə həbs edəcəkləri ilə bağlı hədələmişdilər.
S.Sidqi daha öncə 2018-ci ilin iyun ayında Babək qalası mərasimi zamanı saxlanılmış və 80 milyon tümənlik girov qarşılığında azadlığa buraxılmışdı.
C.E.
Qaynaq: GunAz.TV