Bayraqdar.info – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin verdiyi xəbərə görə, nazir Ceyhun Bayramov aprelin 12-də Maldiv Respublikasının Xarici işlər naziri Abdulla Şahid ilə telefon danışığı aparıb.
“Nazirlər ölkələr arasında ikitərəfli əməkdaşlıq gündəliyinin məsələləri üzrə fikir mübadiləsi aparıblar. Xüsusilə humanitar sahədə əməkdaşlıq və Azərbaycan hökumətinin təqdim etdiyi təqaüd əsasında Maldiv Respublikasından olan tələbələr üçün təhsil almaq imkanının yaradılması Nazir Abdulla Şahid tərəfindən məmnunluqla vurğulanıb. Nazir Ceyhun Bayramov dost ölkələrin vətəndaşlarının Azərbaycanda elm və təhsil sahəsində fəaliyyətlərini həyata keçirmələri üçün hər zaman müvafiq şəraiti təmin etməyə hazır olduğumuzu qeyd edib”, – deyə xəbərdə bildirilir.
Eyni zamanda tərəflərin “beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, BMT və ixtisaslaşmış təsisatları çərçivəsində əməkdaşlıq məsələlərini” müzakirə etdiyi deyilir.