Son yeniləmə: 12 Aprel 2021 15:25
Elxanş ŞAHİNOĞLU, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
ABŞ prezidenti Co Bayden Rusiya və Çini “dayandırmaq” üçün Konqresdən müdafiə xərcləri üçün 715 milyard dollar istəyib. Ağ Ev Çindən gələn təhdidə qarşı maliyyənin artırılması vacibliyini ön plana çəkib. Sənəddə deyilir ki, eyni zamanda Rusiyanın sabitliyi pozan davranışını dayandırmaq da vacibdir.
Ağ Evin Konqresə təqdim etdiyi sənəddə NATO və Sakit okean bölgəsindəki müttəfiq və tərəfdaşlarla birlikdə işləməyin vacibliyi vurğulanıb: “Pandemiyadan iqlim dəyişikliyinə, Çinin artan ambisiyalarından demokratiya üçün bir çox qlobal təhdidlərə qədər qlobal problemlərin uğurla həlli üçün digər xalqlarla yanaşı ortaq şəkildə çalışmaq lazım olacaq”.
Bundan əlavə, sənəddə dövlət qurumlarının köhnəlmiş informasiya sistemlərini modernləşdirmək və Federal kibertəhlükəsizliyi gücləndirmək zərurəti də əsaslandırılıb: “Texnologiyaların Modernləşdirilməsi Fondu üçün 500 milyon dollar, Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi üçün əlavə 110 milyon dollar və Federal agentliyin informasiya texnologiyalarının inkişafı üçün ehtiyat olaraq 750 milyon dollar lazımdır”.
Bu arada, ABŞ konqresmenləri Çin rəsmilərinə əlavə sanksiyalar tətbiq edəcək qanun layihəsi üzərində çalışmalarını yekunlaşdırırlar. ABŞ-ın Tayvanla daha yaxın münasibətlərini qurmaq, Çinə qarşı insan haqları və dəniz təhlükəsizliyi ilə əlaqəli təhdidlərə qarşı yönəlmiş digər tədbirlər arasında Pekinin hərbi əməliyyatları və ərazi iddialarına daha çox nəzarət etmək məqsəduyğun sayılır. Sənədin müəllifləri Senatın Xarici Əlaqələr Komitəsinin demokrat sədri Bob Menendes və onun respublikaçı tərəfdaşı Cim Ricdir. B.Menendesin fikrincə, ABŞ-ın əsas strategiyasını, iqtisadi və diplomatik alətlərini Çinə qarşı istifadə etmək lazımdır.
Qanun layihəsi insan haqları qruplarının, Birləşmiş Millətlər Təşkilatının hesabatlarına istinad edib: “1 milyona qədər Uyğurun və digər müsəlman azlıqların Sincan əyalətində zorla işləmə, məcburi sterilizasiya və digər sui-istifadə iddialarıyla ittihamı Çin rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsini tələb edir”. Öz növbəsində Pekin bu iddiaları dəfələrlə təkzib edərək, düşərgələrin peşə təhsili müəssisələri olduğunu bildirib.
Qanun layihəsində Hong Kongda demokratiyanı təşviq etmək üçün 10 milyon dolların ayrılması nəzərdə tutulub. Sənəddə, həmçinin Çinin hərbi modernizasiyası və genişlənməsi qarşısında müttəfiqlərlə genişləndirilmiş koordinasiyaya və əməkdaşlığa çağırış var. Çinin ballistik, hipersəsli qanadlı raketlər, nüvə, kosmik, kiber məkan və digər strateji sahələri haqqında hesabatlar hazırlanması tələb edilir. Adı çəkilən sənəd Konqresdə qəbul ediləcəyi təqdirdə, ABŞ rəsmilərinin Tayvanlı həmkarları ilə qarşılıqlı əlaqələrindəki bütün məhdudiyyətləri ləğv edəcək. Qanunvericilik, Hindistan-Sakit okean bölgəsindəki müttəfiqlər və tərəfdaşlarla hərbi əlaqələrin gücləndirilməsi üçün əlavə səylərin göstərilməsini şərtləndirəcək.
Sənəddəki başqa bir bənd, Pekinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ölkələrə yardımları məhdudlaşdırmağı nəzərdə tutur. Bu bəndi yerinə yetirmək çətin olacaq. Çünki Çinin həmin təşəbbüsünə qoşulasn ölkələrin həm sayı çoxdur, həm də həmin ölkələr içərisində ABŞ-ın təərfdaşları var.
Bu arada¸ “The New York Times” qəzetinin “Global Trends 2040” adlı hesabatına görə, Çin beynəlxalq nüfuzunu genişləndirmək üçün Qərbin çətinliklərindən istifadə edir: “ABŞ və Çin arasındakı rəqabət, çox güman ki, gələcək onilliklər ərzində geopolitik mühit üçün geniş parametrləri müəyyənləşdirəcək və digər aktyorları daha sərt seçimlərə məcbur edəcək”. Hesabata görə, bir çox ölkədə milliyyətçilik və qütbləşmə artmaqdadır. Ayrıca, hesabatda mövcud tendensiyaların qlobal siyasəti daha dəyişkən hala gətirəcəyi proqnozlaşdırılıb: “Beynəlxalq səhnədə Çin ABŞ-a və Qərbin rəhbərlik etdiyi dünya nizamına qarşı çıxmağa davam edəcək. Rəqib güclər mübarizədə qlobal normaları, qaydaları və qurumları adlayacaqlar”.