“O dəhşətli günləri görməyən yeni nəslin nümayəndələrinə apardığımız şanlı mübarizə barədə ətraflı məlumatlar verməliyik. Gənc nəsil Kıbrıs türkünün bu müstəqillik uğrunda hansı ağır sınaqlardan keçdiyini, hansı dəhşətli günləri yaşadığını bilməlidir.”
Bunu Pelin Çiftin hazırladığı və TRT1 kanalında yayımlanan “Gündem Ötesi” proqramına qonaq olan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar deyib. Müsahibəsində bir sıra vacib məsələlərə toxunan Ersin Tatar Kıbrıs türklərinin mübarizə illərində çox çətin və məşəqqətli anlar yaşadığını bildirib. Cümhurbaşqanı həmin illərdə minlərlə Kıbrıs türkünün azadlıq və müstəqillik uğrunda mübarizə apardığını, Türkiyə ordusunun gəlməsini gözlədiklərini bildirib: “Türkiyənin gəlişi ilə Kıbrıs türkləri yenidən doğuldu. Əgər 1974-cü il iyulun 20-də Türkiyə gəlməsəydi burada bir Kıbrıs türkü qalmayacaqdı və Giritdə törədilənlərin eynisi burada təkrarlanacaqdı”.
Həmin vaxt 14 yaşının olduğunu deyən E.Tatar Türkiyənin adaya gəlişini İngiltərədə izləyən Kıbrıslı türklərin sevincdən ağladığını bildirib. Cümhurbaşqanı o illərdə Kıbrısda rumlar tərəfindən həyata keçirilən soyqırımı cinayətlərindən qurtulmaq üçün qaçan Kıbrıs türklərinin İngiltərə, Kanada və Avstraliyaya köçmək məcburiyyətində qaldıqlarını deyib. “Bu gün adada yaşayan Kıbrıs türklərinin sayından daha çox xaricdə yaşayan Kıbrıslı türk soydaşımız vardır”, – deyən Cümhurbaşqanı E.Tatar, o illərdəki dəhşətlərin yalnız bir qisminin “Bir Zamanlar Kıbrıs” serialında təsvir edildiyini söyləyib.
Müsahibəsində aprelin 27-29-da Cenevrədə keçiriləcək 5+BM qeyri-rəsmi toplantısına dair sualı da cavablandıran E.Tatar keçmişdə yaşananlardan dərs götürərək bundan sonra o dəhşətləri bir daha yaşamamaq üçün müstəqil olmaq uğrunda mübarizədən dönməyəcəklərini bildirib: “Bizim yolumuz müstəqillik yoludur. Türkiyə ilə birlikdə dövlətimiz çox gözəl günlərə doğru addımlayacaq”.
Xatırlatma: Bu məqamda qeyd etmək yerinə düşər ki, E.Tatar Girit hadisələrini heç də təsadüfən xatırlatmayıb. Məsələ burasındadır ki, KKTC-nin qurucu Cümhurbaşqanı Rauf Denktaş da ada ilə bağlı danışıqlarda hər zaman bu təhlükəni xatırladıb. Hətta bununla bağlı “Kıbrıs Girit Olmasın” adlı kitab da yazıb.
Bəs, Giritdə nə olub?
Öncə onu bildirək ki, Girit Şərqi Ağdənizin strateji adalarından biri olub, coğrafi baxımdan Kıbrısdan sonra ikinci böyük adadır. Tarixi məlumatlara əsasən qədim dövrlərdə öncə Roma, daha sonra Bizans imperatorluğunun tərkibində olub. II Mehmetin İstanbulu fəthindən qısa müddət sonra Osmanlının da diqqət mərkəzinə gələn Girit 1645-1908 tarixləri arasında Osmanlı dövlətinin tam nəzarəti altında olub.
Osmanlının ada üzərində hakimiyyətini itirməsi prosesi 1821-ci ildə Yunanıstanda artan müstəqillik hərəkatı ilə eyni vaxtda başlayıb. Belə ki, Yunan Krallığı qurulduqdan sonra Giritli rumlar da Osmanlıya qarşı davamlı üsyanlar edərək Yunanıstana birləşmək planının reallaşmasına çalışıblar. Eyni zamanda, 1897-ci ildə Osmanlı-Yunan müharibəsini Osmanlı tərəfinin qazanması adanın kağız üzərində türklərdə qalmasını təmin etsə də, yerli yunanlar özləri üçün muxtar konstitusiya hazırlayıblar. Bu konstitusiya əsasında Girit yunanları Osmanlıdan kənar müstəqil idarəçilik qurmağa başlayıb və 6 oktyabr 1908-ci ildə həmin konstitusiyaya əsasən formalaşan parlament adanın Yunanıstana birşləməsinə dair qərar qəbul edib. Beləliklə, həmin vaxt İngiltərə, Rusiya və Fransa kimi imperialist güclərin də Osmanlıya qarşı oynadıqları hərbi və siyasi oyunlar nəticəsində adanın Yunanıstana tam birləşməsi prosesi başladılıb.
Böyük dövlətlər guya müsəlmanların adada təhlükəsiz şəraitdə yaşayacağına dair Yunanıstandan təminat aldıqdan sonra əsgərlərini adadan çıxarmağa başlayıb və Osmanlının da Giriti boşaltması üçün çoxmaddəli nota veriblər. Beləliklə, xarici güclərin təzyiqi ilə 30 may 1913-cü ildə imzlanan razılaşmaya əsasən Osmanlı dövləti Giritdəki bütün haqlarından vaz keçib. 14 noyabr 1913-cü ildə Afinada Osmanlı dövləti ilə Yunanıstan arasında imzalanan və tarixə Afina Anlaşması kimi düşən razılaşmaya görə, tərəflər öz sərhədləri daxilində qalan torpaqlarda yaşayan azlıqların dini və sosial hüquqlarını qoruyacaqlarına dair təminat veriblər. Bu anlaşmanın imzalanmasından tam bir ay sonra – 14 dekabr 1913-cü ildə yunan krallığı Girit adasında yunan bayrağını qaldıraraq adanı Yunanıstana daxil edib. Bununla da Osmanlının Giritdəki hökümranlığına son qoyulub.
Onu da deyək ki, Qurtuluş Savaşının qazanılmasından sonra Türkiyə ilə İngiltərə, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya və Serb-Xorvat-Sloven dövləti arasında 24 iyul 1923-cü ildə imzalanan Lozan Anlaşmasına əsasən Girit adasının yalnız dörddə birinin Yunanıstana aid olduğu müəyyən edilib. Lakin Yunanıstan günümüzdə də bu anlaşmanı pozaraq adada gərginliyi artıran addımlar atır.
Əsas məsələ, adadakı müsəlman türklərin taleyi isə çox ağr olub. 1908-ci ildən etibarən müsəlman türklərə qarşı hücumlar kütləvi hal alıb. Onlar qətlə yetirilib, yaşadıqları yerlər yandırlıb və talan edilib. Bu hücumların dayanması üçün heç bir addım atmayan rum idarəsi üstəlik sıravi müsəlmanların əlindən olan-qalan silahlarını da alıb. 1911-ci ildə isə Osmanlı dövləti üçün çalışan kadrlar adadan sürgün edilib. Rum idarəsi müsəlmanların bütün təhsil və təlim fəaliyyətlərini nəzarət altına alıb. Beləliklə, zülmdən qurtulmaq üçün Girit müsəlmanlarının və türklərin Anadoluya kütləvi köçü başlayıb. 1912-1913-cü illərdə daha kütləvi hal alan köç 1923-cü ildə mübadilə anlaşmasından sonra son Girit köçkünlərinin də Türkiyə torpaqlarına yerləşdirilməsi ilə başa çatıb.