Bayraqdar.info – Aprelin 10-da Ukrayna Prezidenti Türkiyəyə səfər etdi. Bu səfər bütün dünyada maraqla izləndi. Əsas diqqət də Ukraynanın ərazi bütövlüyü məsələsinə Türkiyənin növbəti dəfə necə münasibət bəslədiyinə yönəldi. Tərəflərin uzun sürən görüş və danışıqları sonucu imzalanan birgə Bəyannamə bütün bu suallara dəqiq cavab vermək üçün yetərlidir.
Bəyannamədə özəlliklə də Rusiyaya açıq ismarıcların olması, Ukraynanın NATO yolunun açılması üçün açıq ifadələrin yer alması irəlidə çox ciddi proseslərin olacağından xəbər verir. Həm də nəzərə almaq lazımdır ki, Rusiya ilə tərəfdaş münasibətlərində olan Türkiyənin belə bir bəyannaməyə imza atmaqdan nəinki yayınmaması, üstəlik onu həvəslə imzalayıb geniş təbliğ etməsi Ukrayna məsələsində bu ölkənin prinsipial ədalətli davranışını bir daha təsdiqləyir. Beləliklə, ümumilikdə 20 maddədən ibarət olan və iki ölkə prezidenti tərəfindən imzalanan Bəyannamənin bəzi maddələrinə diqqət çəkmək istərdik.
Maddə 4. Ukraynanın, özəlliklə Krım Muxtar Respublikası və Sevastopol şəhəri, həmçinin Donetsk və Luhansk ərazilərinin işğaldan azad edilməsi istiqamətində beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə yönəlik addımların koordinasiyasını davam etdirmək.
Maddə 5. Bu baxımdan BMT, AŞ və ATƏT də daxil olmaqla beynəlxalq qurumlar çərçivəsində çoxtərəfli təşəbbüsləri dəstəkləmək.
Maddə 6. Krımın Rusiya tərəfindən qanunsuz və hüquqsuz işğalı məsələsini həll etmək üçün Krım Platformasının yeni bir format kimi qurulmasını dəstəkləmək.
Maddə 7. Müvəqqəti işğal üzündən öz yurdlarını tərk etməyə məcbur qalmış Ukrayna vətəndaşlarının, özəlliklə də Krımı tərk etmiş Krım tatarlarının həyat şəraitinin yüksəldilməsi üçün birgə cəhdləri gücləndirmək.
Maddə 8. Müvəqqəti işğal edilmiş Krım Muxtar Respublikası və Sevastopol şəhəri ərazisində insan haqlarının qorunmasını beynəlxalq hüquq çərçivəsində təmin etmək, Krım tatarları da daxil olmaqla qanunsuz həbs edilmiş bütün Ukrayna vətəndaşlarının azad edilməsi üçün cəhdləri əlaqələndirmək.
Maddə 9. Minsk razılaşmalarına əsaslanan dialoq yoluyla Ukraynanın Donetsk və Luhansk bölgələrinin bəlli kəsimlərində çözümün dinc həllini dəstəkləmək, ATƏT-in Xüsusi Müşahidə Missiyasının işini qeyd etmək və onun fəaliyyətinə mümkün üstün dəstəyi təmin etmək.
Maddə 14. Ukraynanın gələcək NATO üzvlüyünə, özəlliklə də çox yaxın müddətdə Üzvlük Fəaliyyət Planı istəyinə dəstək ifadə, Ukrayna Silahlı Qüvvələrinin Alyansın silahlı qüvvələri ilə birgə fəaliyyət istəyini qeyd etmək.
Bəyannamədəki digər maddələr də az önəm kəsb etmir. Lakin məhz bu maddələrin üzərində diqqət kəsilməyimiz Ukraynanın ərazi bütövlüyü məsələsində Türkiyənin heç kimə güzəştə getməyəcəyinin qabarıq şəkildə vurğulanmasıdır. Bu sənəd sadəcə Ukraynanın istəklərinə cavab vermək deyil, eyni zamanda Rusiyaya da bir çağırışdır ki, işğal altında tutduğu Ukrayna torpaqlarından çəkilsin.
Belə bir sənədi imzalamaqla Türkiyə bir daha göstərdi ki, dünyanın harasında olursa olsun, qanunsuz və zorakı işğalla barışmaq niyyətində deyil. Bu isə bu ölkənin çox ciddi qlobal oyunçu olmasını təkrar təsdiq edir.
Ukraynanın NATO üzvlüyü məsələsinə Türkiyənin belə açıq könül verməsi isə sadəcə bu ölkənin deyil, bütövlükdə Alyansın üzv-dövlətlərinin istəyi kimi qəbul edilməlidir. Burada da önəmli olan NATO kimi dünyanın ən güclü hərbi-siyasi blokunun sözçüsü qismində Türkiyənin çıxış etmə səlahiyyətinin açıq ifadə edilməsidir. Belə anlaşılır ki, Türkiyə Ukrayna məsələsində yalnız tək başına deyil, bütövlükdə NATO ilə birgə davranır. Bu isə Rusiyaya çox ciddi ismarıc kimi qəbul edilməlidir. Ötən ilin sonunda Azərbaycanın Qarabağ bölgəsində burnu ovulmuş Rusiyanın təkcə bu Bəyannamədən dərs alması və Ukrayna məsələsində tezliklə geri addım atması hamıdan çox onun öz xeyrinə olardı. Əks təqdirdə Türkiyə də daxil olmaqla NATO üzv-dövlətləri çox ciddi hərəkətə keçəcək ki, ac və səfil Rusiyanın da bunun qarşısında duruş gətirməsi imkansız görünür.
Qeyd: İki ölkənin “Ukrayna və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Şuranın 9-cu görüşünün birgə Bəyannamasi” adı altında imzaladığı sənəddən çıxarışlar (ingiliscə) və yazıya əlavə edilmiş şəkil Ukrayna Prezidentinin internet saytından götürülb. İngiliscədən tərcümə: Azər HƏSRƏT