Press "Enter" to skip to content

Qırğızıstan Prezidenti: Ölkəmiz 30 ildir öz yolunu tapa bilmir

Bayraqdar.info – Qırğızıstan Respublikasının Prezidenti Sadır Caparov 11 apreldə ölkəsində keçirilən referendum və yerli keneşlərə seçkilərlə bağlı xalqa müraciət edib. Səhər erkəndən bizə də daxil olan müraciətdə maraqlı məqamlar yer alıb.

Müraciətdə deyilir ki, “Qırğızıstan artıq 30 ildir öz yolunu axtarır, bu müddət ərzində bir sıra rahatsızlıqlar yaşanıb”.

S.Caparov bu durumu ölkənin istək və hədəflərinin ardıcıl olmamasıyla əlaqələndirir.

Ötən il keçirilmiş seçkilərə də toxunan Prezident bildirir ki, “xalqın oktyabr ayaqlanması tariximizin ən çirkin seçkilərinin nəticəsinə görə baş verdi. O vaxt hakimiyyət xalqın səsini eşitmədi”.

Prezidentə görə, məhz belə bir məsuliyyətsizlikdən, ədalətsizlik və özbaşınalıqdan yorulmuş xalq ardıcıl dəyişikliklər tələb etdi.

Qırğız xalqının bu il yanvarın 10-da prezidentli idarəetməyə dəstək verdiyini bildirən S.Caparov əlavə edir ki, nəticədə yeni konstitusiyaya zərurət yaranıb.

“Bizim gələcək yolumuz bugünkü seçimimizlə sıx bağlıdır”, – deyən Qırğızıstan Prezidenti dövlət idarəetməsində məsuliyyətin bərqərar edilməsinin xalqın işıqlı gələcəyinə ümid yeri olduğunu bildirib.

Prezident bildirib ki, yerli keneşlərə seçkilər və Konstitusiya dəyişikliklərinə səsvermə inzibati resursların təsirindən azad bir şəkildə həyata keçirilir.

Vətəndaşları səsvermədə fəal olmağa çağırmaqla bərabər Qırğızıstan Prezidenti dövlət qurumlarını da prosesə müdaxilədən çəkinməyə səsləyib.

Mission News Theme by Compete Themes.