Press "Enter" to skip to content

11 aprel 2018-in prezident seçkisi – Qarabağ zəfərini yaxınlaşdırmaq üçün atılan addım

“Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm.”

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində öz əksini tapan bu sözləri, əslində, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən İlham Əliyevin 18 illik idarəçilik fəlsəfəsinin əyani təzahürü kimi dəyərləndirmək olar. Çünki Azərbaycanın ötən 18 ildə əldə etdiyi uğurların kökündə də məhz İlham Əliyevin atdığı hər bir addımda xalqa güvənməsi, xalqdan dəstək alması faktı dayanır.

Elə 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələri də bunu bir daha təsdiqlədi. Həmin seçkilərdə xalqımız qəti mövqeyini növbəti dəfə ortaya qoydu və ölkəmizə çoxsaylı uğurlar qazandıran İlham Əliyevə səs verərək növbəti 7 il üçün Azərbaycanın dövlət başçısı seçdi. Rəsmi məlumatlara əsasən, etibarlı hesab edilmiş səslərin 3 milyon 394 min 898-i və ya 86,02 faizi məhz seçkilərə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi qatılan İlham Heydər oğlu Əliyevin lehinə verilib.

Əslində, burada təəccüblü nəsə yoxdu. Çünki İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən sonra həyata keçirilən siyasətin və qazanılan uğurların nəticəsini xalqımız öz həyatında hiss edir. Məhz Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan çoxşaxəli islahatlar nəticəsində Azərbaycanın dinamik inkişafı təmin edilib, iqtisadiyyatın ayrı-ayrı sahələrinin əsaslı inkişafına nail olunub, regionların sosial-iqtisadi inkişafı baxımından mühüm nailiyyətlər qazanılıb. Eyni zamanda mühüm transmilli enerji və nəqliyyat layihələrini uğurla icra edən, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olan Azərbaycan sosial dövlət kimi də beynəlxalq aləmin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” tezisindən güc alan sosial siyasətin uğurla icrası, ölkədə milyonlarla insanı əhatə edən böyük sosial paketin reallaşması əhalinin müxtəlif təbəqələrinin rifahının daha da yüksəlməsinə yol açıb.

İlham Əliyevin əldə etdiyi uğurlardan danışarkən istər 2018-ci ilin aprelinə qədər, istərsə də ondan sonra ölkəmizdə reallaşdırılan islahatların üzərində xüsusi olaraq dayanmalıyıq. Əksər yerli və xarici ekspertlərin də vurğuladıqları kimi bir qayda olaraq dərin konseptual əsaslandırmalar və yeni yanaşmalar əsasında, həmçinin qlobal miqyasda meydana çıxan aktual çağırışlar və ölkəmizin potensialı nəzərə alınmaqla hazırlanan bu islahatlar kompleks səciyyə daşıyır və bir-birini tamamlayır. Təsadüfi deyil ki, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdən sonra islahatların yeni mərhələsinə start verilib.

Bu mərhələyə keçməzdən öncə bir daha 2018-ci ilin yazına, daha doğrusu prezident seçkiləri ərəfəsinə tarixi ekskurs etmək yerinə düşər. Dəyərli oxucularımız da təsdiqləyər ki, həmin vaxt həm daxili, həm də xarici auditoriyanı daha çox bu seçkilərin niyə məhz indi (yəni 2018-ci ilin aprelində – N.G) keçirilməsi sualı maraqlandırırdı. Və əslində, seçkilər başa çatandan dərhal sonra ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirən Prezident İlham Əliyevin aşağıdakı sözləri bu suala ilkin cavab kimi dəyərləndirilə bilərdi: “Azərbaycan dövləti heç vaxt bugünkü qədər güclü olmamışdır. Biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq və əminəm ki, quracağıq. Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru irəli!”

Bəli, güclü dövlət qurduğumuzu deyən Prezident eyni zamanda daha güclü Azərbaycanın qurulacağına əminlik ifadə edirdi. Yəni, anlaşılan o idi ki, bu seçkilərin nəticələri ilə xalqımız daha güclü Azərbaycan qurmaq, yeni qələbələrə doğru irəliləmək üçün İlham Əlyevə dəstəyini ifadə etmişdi. Beləliklə, bundan güc alan İlham Əliyevin rəhbərliyi ilə son üç ildə daha da inamla irəliləyən Azərbaycan dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq ictimai-siyasi sabitlik şəraitində öz dinamik inkişafını davam etdirib. Dünyanı cənginə almış COVID19 epidemiyasının mövcudluğu dönəmində belə ölkəmizdə xalqın əmin-amanlığı, sağlamlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb, həmçinin etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib.

Eyni zamanda 2018-ci il aprelin 11-də keçirilən seçkilərdən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həllində mühüm rol oynayıb. O cümlədən, korrupsiya əleyhinə mübarizə tədbirləri Azərbaycanda bütün sahələrin inkişafına əlavə təkan verib.

Yeri gəlmişkən, “mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm”, – deyən dövlət başçısının “müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır” tələbinə cavab verməyənlər, həmçinin korrupsiya və rüşvətxorluq kimi əməlləri vəzifə məsuliyyətindən üstün tutanlar birmənalı olaraq layiq olduqları cəzanı alıblar.

O cümlədən ötən müddət ərzində həyata keçirilən, həmişə öz dinamikliyi, intensivliyi və məqsədyönlülüyü ilə xarakterizə olunan, daim milli maraqlara söykənən xarici siyasət kursumuzun da 11 aprel seçkilərindən sonra yeni mərhələyə qədəm qoymasını diqqətdən qaçırmaq olmaz.

Seçkilərdən dərhal sonra ölkəmizdə müşahidə edilən əsas məqamlardan biri də milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi məzmunlu islahatlara geniş meydan verilməsidir. 2020-ci ildə keçirlən parlament seçkilərindən sonra parlament rəhbərliyində, həmçinin komitələrdə müxalifət nümayəndələrinin təmsil olunnması, eyni zamanda ölkəmizdə əksər partiyaların təmsil olunduğu yeni siyasi konfiqurasiyanın formalaşması ölkəmizin böyük uğurudur. Bu il martın 5-də YAP-ın VII qurultayındakı nitqində ölkədə siyasi dialoqun baş tutmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev “biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, – əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub”, – deyə vurğulayıb.

İlham Əliyev eyni zamanda “prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra olunur və biz ardıcıllıqla öz hədəflərimizə çatırıq. Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq” deyib.

Bəli, hazırda ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşıb, onlar ümumdövlət məsələlərində vahid mövqe sərgiləyir. Respublikamızda Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birliyi daha da gücləndirib.

Heç şübhəsiz ki, Vətən müharibəsindəki qələbənin qazanılmasında bütün Azərbaycan xalqının rolu oldu. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun inanılmaz şücaəti sayəsində 44 günlük müharibədə tarixi dastan yazdıq. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi təsdiqlədi ki, Azərbaycan gənclərində vətənpərvərlik kifayət qədər yüksək səviyyədədir. Prezident İlham Əliyev Şuşaya səfəri çərçivəsində Cıdır düzündə olarkən gənclərin qələbəmizin təmin olunmasında xüsusi rol oynadıqlarına diqqət çəkərək deyib: “On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

Beləliklə, 44 günlük Vətən müharibəsində gənclərimizin fədakarlığı sayəsində qazanılan şanlı qələbə regional və qlobal miqyasda Azərbaycanın nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Müharibədən sonra bölgədə yeni reallıqlar formalaşıb. Hazırda regionda yeni konfiqurasiyanın, əməkdaşlıq formatlarının şərtlərini qalib Azərbaycan diktə edir.

Bəli, İlham Əliyevin prezidentliyi dövründə yetişən gənc nəsil Vətən müharibəsində üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdi – torpaqlarımız işğaldan azad edildi. İndi isə həm gəncliyimizi, həm də ümumilkdə dövlətimizi və xalqmızı daha bir şərəfli vəzifə gözləyir – işğaldan azad edilmiş torpaqlarımızın bərpası və inkişafı.

YAP-ın VII qurultayındakı nitqində bu məqama da toxunan Prezident, “biz Böyük Qayıdış proqramı icra olunmağa başlayanda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesinə də start verəcəyik və burada da Yeni Azərbaycan Partiyasının üzvləri, fəallar ön planda olmalıdırlar, öz rolunu oynamalıdılar” deyib. Həmçinin ölkədəki islahatlar, siyasi sistemdə baş verən gəncləşmə fonunda keçirilən bu qurultaydan sonra həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyan YAP-ın gələcək fəaliyyəti üçün tapşırıq və tövsiyyərini verib.

Beləliklə, bütün bu sadalananlar prezident seçkilərinin niyə məhz 2018-ci ilin aprelində keçirildiyinə dair sualı da cavablandırmış olur. Daha dəqiq desək, bu məqamda cənab Prezidentin “nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik” sözlərini xatırladaraq bildirmək yerinə düşər ki, əslində, 3 il öncə keçirilən 11 aprel seçkiləri cənab İlham Əliyevin rəhbərlyi ilə hazırlanan və ölkəmizi tarixi zəfərə aparan planın icrası istiqamətində ilkin addım oldu. Ondan sonra atılan addımlar, reallaşdırılan kadr dəyişiklikləri və islahatalar isə Vətən müharibəsində bizi zəfərə aparan yolda ortaya çıxa biləcək maneələrin öncədən zərərsizləşdirilməsində öz rolunu oynadı.

Mission News Theme by Compete Themes.