Press "Enter" to skip to content

Türkiyə uyğur fəalı Çinə verməkdən imtina etdi

Son yeniləmə: 10 Aprel 2021 09:18

Bayraqdar.info – “Azad Asiya” Radiosunun (RFA) yaydığı xəbərə görə, Türkiyə məhkəməsi Pekinin uyğur din fəalı, 62 yaşlı Abduqədir Yapçanı geri vermə tələbini rədd edib. Adı çəkilən şəxs 12 il Çin həbsxanalarında əziyyət çəkdikdən sonra 1998-ci ildə xaricə qaçmağı bacarıb. Qırmızı kommunistlərin ölkəsi olan Çin onu terrorçuluqda ittiham edir. Çinin terror kimi qələmə verdiyi əməl isə bu adamın sadəcə öz dinini öyrənməsi olub.

Abduqədir Yapçanla bağlı daha öncəki bir məhkəmə qərarı da ləğv edilib. Onun işi hələ tam aydın olmadığı üçün məhkəmə bu uyğur mühacirin sərbəst hərəkətinə yasaq tətbiq edibmiş. Hazırkı məhkəmə o yasağı da ləğv edib və uyğur fəal indi hərəkət sərbəstliyinə qovuşub.

“Mənim dinc həyatımı qaraltmaq və Doğu Türküstan məsələsini arxa plana keçirmək üçün Çin şəxsimə qarşı terror böhtanı ilə başqa hökumətlərə də basqı edir”, – deyə 62 yaşlı A.Yapçan RFA-ya bildirib. “Bu gün Çinin şəxsimə və Doğu Türküstan insanlarına qarşı bütün böhtanları alt-üst oldu. Biz Çinin Doğu Türküstanda insanlığa qarşı tətbiq etdiyi soyqırım və cinayətlərin qarşısını almaq üçün birlikdə işləməliyik.”

Türkiyə məhkəməsinin bu qərarı ölkədəki 50 minlik uyğur kəsimə əlavə rahatlıq gətirib. Onlar Çinin geri vermə tələblərindən narahat idilər. Hətta ölkə müxalifəti Türkiyə iqtidarını uyğurlara sahib çıxmamaqda ittiham edirdi. Göründüyü kimi, Türkiyə iqtidarı hətta Çin kimi nəhəng bir dövlətin qarşısında belə geri çəkilmir, uyğurlara sahib çıxır. Bu isə bir daha onu deməyə əsas verir ki, Türkiyə dünyanın heç bir yerindəki türklərə arxa çevirməyəcək.

Mission News Theme by Compete Themes.